Türkiyə sessiyanın prezidenti, Azərbaycan isə vitse-prezidenti seçilib
Noyabrın 12-də Parisdə UNESCO Baş Konfransının 40-cı sessiyası işə başlayıb. Sessiyaya UNESCO-nun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələri qatılıb.
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESCO üzrə Milli Komissiyanın baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları sessiyada iştirak edir.
Tədbirin ilk günü sessiyanın sədarəti müəyyən edilib. Türkiyə UNESCO Baş Konfransı 40-cı sessiyasının prezidenti, Azərbaycan isə vitse-prezidenti seçilib.
Noyabrın 27-dək davam edəcək sessiyanın gündəliyinə ali təhsildən süni intellektə qədər aktual məsələlərin müzakirəsi daxildir. Sessiya çərçivəsində mühüm siyasi tədbirlər də keçiriləcək.
Noyabrın 13-də keçirilən inklüzivlik və mobilliyə dair nazirlər iclasında 100-dən çox ölkənin təhsil naziri iştirak edib.
Noyabrın 18-də sessiya çərçivəsində UNESCO-nun 11-ci Gənclər Forumu keçiriləcək. Forumda gənclərin UNESCO-nun fəaliyyətində iştirak etməsi üçün yaxşı təcrübələr diqqətə çatdırılacaq. “Yeni nəsil dəyişikliyin gənc aktorları ilə çoxtərəfli münasibətləri yenidən nəzərdən keçirmək” adlı yüksək səviyyəli tədbirə bir çox dövlət və hökumət rəhbərləri qatılacaq.
Həmin gün “Gəncliyin səsi və süni intellektin gələcəyi” adlı mövzusuna dair iclas keçiriləcək.
Noyabrın 19-da isə 100-dən çox ölkənin mədəniyyət nazirinin iştirakı ilə “Dövlət siyasəti və davamlı inkişafda mədəniyyətin yeri” mövzusu ətrafında müzakirələr aparılacaq.
Noyabrın 22-də “Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” ərəfəsində “Qadınlara qarşı zorakılığa dair məlumat kitabçası” təqdim olunacaq.
UNESCO-nun Baş Konfransı təşkilatın ali orqanıdır. Baş Konfransın sessiyaları ilk vaxtlar ildə bir dəfə keçirilib, 50-ci illərin ortalarından isə ali orqan iki ildən bir toplanır. Ötən müddətdə Baş Konfransın dörd dəfə növbədənkənar sessiyaları çağırılıb.
Baş Konfrans təşkilatın ümumi istiqamət və fəaliyyət xəttini müəyyənləşdirir, proqram və büdcəsini qəbul edir. Həmçinin UNESCO İcraiyyə Şurasının üzvlərini seçir və dörd ildən bir təşkilatın baş direktorunu təyin edir.
Erməni yalanları ifşa edilib
Sessiyada təhsil və inklüzivlik mövzusunda ümumi siyasi debatlar zamanı çıxış edən erməni naziri Arayik Harutyunyan təxribata əl atıb. O, Dağlıq Qarabağ “xalqı”nın öz təhsil hüququndan istifadə edə bilməməsi və mədəni irs abidələrinin qorunması mövzusuna toxunaraq, Naxçıvanda “erməni qəbirlərinin dağıdılması” kimi yanlış fikirlər söyləyib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi cavab hüququndan istifadə edib. Müşavir Ayaz Qocayev nümayəndə heyətimizin bəyanatını səsləndirib.
Bəyanatda ölkəmizin ərazisinin 20 faizinin erməni qoşunları tərəfindən işğal olunduğu və bu işğalın uzun illərdir davam etdiyi bildirilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal altındakı torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq Ermənistan torpaqlarımızı hələ də işğal altında saxlayır. Bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Bəyanatda vurğulanıb ki, Dağlıq Qarabağ “xalqı” yoxdur, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları var. Ermənistan tərəfindən aparılmış təcavüz və separatçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın azərbaycanlı icması etnik təmizlənməyə məruz qalıb.
Bildirilib ki, mədəni irsin qorunmasına gəldikdə isə erməni tərəfi ölkəmizin işğal olunmuş ərazilərində Azərbaycanın bütün mədəni irs abidələrini niyyətli şəkildə yerlə yeksan etməkləri ilə bağlı hesabat verməlidirlər.
Bəyanatın sonunda bildirilib ki, insanların düşüncəsində sülh yaratmaq üçün UNESCO kimi təşkilatdan istifadə etməliyik ki, gələcək nəsillər birgə sülh içində yaşamaq ideyasından bəhrələnə bilsin.