“Sonsuz dəhliz” üç nominasiyada iştirak edəcək
Litvalı rejissor Aleksandras Brokasın çəkdiyi “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi daha bir beynəlxalq festivalda üç nominasiya üzrə iştirak edəcək.
Ekran əsəri noyabr ayında İtaliyanın Milan şəhərində keçiriləcək “IFF 2015” kinofestivalında nümayiş üçün seçilib. Festivalda dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqraflar bir araya gələcəklər.
Hazırda İtaliyanın bu şəhərində “Milan Expo 2015” beynəlxalq sərgisi davam edir. Avropanın nüfuzlu işgüzar şəhəri kimi tanınan Milanda bu sərgi ilə bağlı böyük izdiham var. Filmin yaradıcılarının fikrincə, bu, “Sonsuz dəhliz”in Milanda nümayişi üçün çox yaxşı imkandır.
Film “Milan IFF 2015” kinofestivalında “Ən yaxşı qısametrajlı sənədli film”, “Sənədli filmdə ən yaxşı kinematoqrafiya” və “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyalarında iştirak edəcək.
Xatırladaq ki, Xocalı faciəsindən bəhs edən ekran əsəri bu il ərzində beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra film daha iki mükafata layiq görülüb. İyulun 10-da Madrid Tenerife Beynəlxalq Festivalında “Sonsuz dəhliz” “Ən yaxşı sənədli film” və Aleksandras Brokas isə “Ən yaxşı sənədli film rejissoru” nominasiyaları üzrə qalib elan edilib.
İngilis dilində çəkilən film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş şahidlər ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Bu ekran əsərində Dağlıq Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib.