“Ədəbiyyat tarixdir, tarix isə hər şeydir” deyən və bütün yaradıcılığında bu fikrinə sadiq qalaraq bənzərsiz əsərlər yaradan İsa Hüseynovun (Muğannanın) “Məhşər” romanı bu dəfə “İmadəddin Nəsimi” adlı fəlsəfi dram formasında tamaşaçı qarşısına çıxdı.
Noyabrın 11-də Akademik Milli Dram Teatrının səhnəsində Bakı Bələdiyyə Teatrı özünün 50-ci tamaşasını nümayiş etdirdi. “Nəsimi ili” çərçivəsində hazırlanan tamaşa həm də teatrının yaradıcısı və rəhbəri olmuş Xalq artisti Amaliya Pənahovanın vəfatından sonra kollektivin ərsəyə gətirdiyi ilk səhnə işidir.
Nümayişdən öncə quruluşçu rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov və əsərin səhnə variantının müəllifi Çingiz Ələsgərli tamaşa barədə məlumat verdilər. “Nəsimi” tamaşasının Bakı Bələdiyyə Teatrının yaranmasının 27-ci ilinə təsadüf etməsini vurğulayan çıxışçılar öz ənənələrini yaradan teatrın bu gün də uğurla fəaliyyət göstərdiyini dedilər.
Nəsimi dövrünün vizual təsvirini sadə dildə ifadə edən səhnə tərtibatlı tamaşada müəllifin əsas həqiqətini – haqq uğrunda bəşəri savaşın oyun həllini görə bildik. Bir səhnədə saraydan xərabətə, zindandan dar ağacına, kürsüdən minbərə qədər bütün çoxfunksiyalı dekor ştrixləri yer almışdı. Quruluşçu rəssam (İlham Əsgərov) bir-iki məqam üzərində dayanmaqla tamaşaçının diqqətini hadisələrin inkişaf etdiyi zaman və məkanlara yönəldir. Bu mənada kostyumlar və aksesuarlar baxımından da incəlik nəzərə çarpırdı.
Musiqi həllinə (Elnur Əliyev) gəlincə, istər keçid, istərsə də fon musiqiləri hadisələrin xarakterini ifadə edə bilirdi. Xüsusən solo səsləndirmələr (fonoqram olsa da) əsərin təsir gücünü artırırdı.
Tamaşada Nəsimi obrazını Tural Əhməd canlandırırdı. Nəimi Əməkdar artist Aydın Əliyev, Fatma Əməkdar artist Hüsniyyə Mürvətova, İbrahim şah Əməkdar artist Rafiq İbrahimov, Əmir Teymur İlqar Musayev, Zəhra Zülfiyyə Qurbanova, Gövhər şah isə Toğrul Rza idi. Digər rolları Ülviyyə Rza, Əhməd Salahov, İsmayıl Atakişiyev və Mehman Abdullayev ifa edirdi.
Birhissəli tamaşada tarixinin ən mürəkkəb dövrünü, Nəsiminin iztirablarını, fəlsəfəsini, eləcə də Şirvan tarixini, Teymurləngin yürüşlərini, onun xarakterik cizgilərini, eləcə də insanlararası münasibətlərin çoxçalarlı təsvirini görə bildik.
Tamaşanın baş qəhrəmanı Nəsimi olduğu halda ən yaddaqalan obrazına Əmir Teymur çevrildi. Aktyor istər Teymurun jest və mimikalarını, istərsə də daxili nifrətini elə təsirli təsvir edirdi ki, istər-istəməz sən tamaşaçı olaraq onun “həqiqətinə” diqqət kəsilməli olurdun.
Bu mənada ümumən səs tembri, səhnə fakturası baxımından baxımlı olan Tural Əhmədin Nəsimisi tamaşaçıda mübariz şairdən çox məzlum aşiq təsiri bağışlayaraq daha çox Nəsimi qəzəllərini bəlağətlə ifa edən qiraətçi kimi yadda qaldı. Hərçənd Nəsimiyə aşiq qadın Fatma (Hüsniyyə Mürvətova) tamaşada bütün emosional yükü bölüşməyə çalışırdı. Zülfiyyə Qurbanovanın Zəhrası da inandırıcı və baxımlı idi. Bir neçə səhnəcikdə tamaşaçı qarşısına çıxsa da, hər dəfə fərqli emosiyası ilə təsir yarada bildi.
Ümumiyyətlə, tamaşada tarixi məqamların obrazlar üzərindən ifadəsi önə çəkildiyindən ümumi aktyor ansamblı oyununun daha həmahəng olması arzuediləndir...
HƏMİDƏ