Azərbaycan Turizm və Menecment Universitetində Heydər Əliyev lektoriyası və Dillər kafedrasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Haqqı varlığı ilə müdafiə edən şair” adlı tədbir keçirilib.

Universitetin rektoru İlham Mədətov çıxış edərək ölkə başçısının müvafiq sərəncamı ilə elan olunan “Nəsimi ili”nin əhəmiyyətindən danışıb. Rektor “Nəsimi ili” çərçivəsində silsilə tədbirlərin, ikincisi reallaşan Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı “Nəsimi yaradıcılığında hürufilik”, filologiya üzrə fəlsəfə doktoru Aysel Quliyeva “Nəsimi yaradıcılığında kamil insan məsələsi”, universitetin müəllimlərindən Günel Əliyeva “Nəsimi yaradıcılığında məhəbbət mövzusu”, Mehriban Allahquliyeva “Nəsimi yaradıcılığında dil və üslub məsələləri”, Aytən Mövsümlü “Nəsimi irsi bu gün” adlı məruzələrlə çıxış ediblər.

Tələbələrin ifasında Nəsiminin müxtəlif dillərə tərcümə edilən şeirlərindən nümunələr, saz havası üstündə qəzəli səslənib.