“Gəncliyə Yardım Fondu” İctimai Birliyi, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mədəni coğrafiyamızda peyğəmbər sevgisi” adlı tədbir keçirildi. Tədbirdə mədəniyyət, ictimaiyyət xadimləri, QHT rəhbərləri iştirak edirdi.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi.
Tədbiri giriş sözü ilə Yunus Əmrə İnstitutunun Bakı ofisinin direktoru Cihan Özdemir açaraq bildirdi ki, şanlı tariximizdə öz elm və irfanları ilə gələcək nəsillərin yollarına işıq tutan dəyərli şəxsiyyətlərimiz hər birimizin qürur mənbəyidir. Onların bizə miras qoyduğu elm və mədəni irsin qorunması isə bizlərin ən ümdə məsələsidir. C.Özdəmir vurğuladı ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi elm və irfan sahiblərinə qarşı müsbət mənada böyük rəğbətin tərənnümüdür. Bu münasibətlə dahi mənəviyyat şairimizin şeirlərində peyğəmbər sevgisini görmək, bilmək və onunla əhvallaşmaq üçün bu gözəl gündə sizlərlə bərabər olmaq qürurvericidir.
Tədbirdə daha sonra Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı, İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri İrfan Gündüz çıxış edərək əsərləri ilə türk dünyasının mədəni inkişafına böyük töhfələr vermiş Nəsiminin həyat və yaradıcılıq yolundan söz açdılar.
Qeyd olundu ki, dahi şairin irsi əbədiyaşardır, o, türk ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Nəsimi sözü, düşüncəsi bir məktəbdir. Bu il Azərbaycanda elan olunmuş “Nəsimi ili”, bu təşəbbüs çərçivəsində keçirilən tədbirlər isə bu hikmət dəryasından öyrənmək və kamilləşmək çağırışıdır.
Çıxışlardan sonra klassik türk musiqi sənətçisi Ender Doğanın repertuarından musiqi çələngi təqdim edildi.
Sonda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.
S.FƏRƏCOV