Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində “Bölgə” teatr truppasının gənc mədəniyyət işçiləri ilə ilk regional görüşü təşkil edilib.
Görüşdə Şəki şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın gənc mədəniyyət işçisi iştirak edib.
Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Elvin Qarayev, Mədəniyyət mərkəzinin direktoru Ağəli Cəlilov, bədii rəhbəri Rəşad Rüstəmov çıxış ediblər.
Qeyd edilib ki, heyəti gənc mədəniyyət işçilərindən ibarət “Bölgə” teatr truppası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Truppanın bədii rəhbəri mərkəzin gənc əməkdaşı Hüseyn Məmmədovdur.
Sonda vətənpərvərlik mövzusuna həsr olunmuş tamaşa nümayiş etdirilib. Gələcəkdə “Bölgə” truppası yerli və xarici dramaturqların əsərlərinə müraciət etməyi, müxtəlif regionlarda tamaşalar səhnələşdirməyi, yerli və beynəlxalq xarakterli festivallara qatılmağı planlaşdırır.