“Nəsimi ili” çərçivəsində gerçəkləşən daha bir sənət layihəsini C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı təqdim etdi. Yaradıcı kollektiv noyabrın 19-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı göstərdi.

İkihissəli tarixi elegiya kimi səhnələşdirilən tamaşa Nəsimi irsinin özünəməxsus yozumda təqdimatı idi. Musiqi və rəqs elementlərinin müşayiətində şairin həyatından məqamlar, mübarizəsindən detallar, poeziyasından seçkin nümunələrlə həmahəng “Haqq mənəm” tamaşaçıları Nəsimi dünyasına baxışa çağırırdı.

Quruluşçu rejissoru, rəssamı və xoreoqrafı müəllifin özü – Əməkdar mədəniyyət işçisi İftixar Piriyev olan bu tamaşada Natiq Həziyev (Nəsimi), Əməkdar artist Rəşid Rzayev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), Arzuman Tanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), Fərid Vəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə), həmçinin  əməkdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktrisalar Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edirlər.

Onu da qeyd edək ki, adları sadalanan aktyorların bir qismi zalda, tamaşaçılar arasında oturaraq tamaşanın bir neçə səhnəsində xalq kütləsi olaraq çıxış edirdilər ki, məhz bu məqam səhnə işinin maraqlı, interaktiv, tamaşaçı ilə ünsiyyətə, onları səhnəyə diqqətə vadar edən düşünülmüş variantı idi.

Rejissorun aktyorlara təyin etdiyi xoreorafik öhdəlikləri də var idi ki, bu da üzərində dayanmaq tələb edən məqamdır. Doğrudur, biz müxtəlif səhnələrdə bütöv və parça halında rəqs, daha doğrusu, musiqinin müşayiətində sinxron hərəkətlər gördük. Amma aktyorların bu məqamda oyunu o qədər də effektli təsir bağışlamırdı. Üstəlik, onlara geyimləri (tərtibatçı rəssam Vahid Mürsəliyev, geyim Məlahət İsmayılova), xüsusən baş geyimləri mane olurdu.

Tamaşanın musiqi tərtibatına gəlincə (musiqi tərtibatçısı Çingiz Xəlilov),  burada sufizmin, konkret olaraq Nəsimi poeziyasının musiqi dilindən çox həyəcan, təhlükə, narahatlıq xəbərçisi olan parçalara yer verilmişdi. Bu da tamaşanın sürətli tempinə xidmət edirdi.

Ayrılıqda obrazlar üzərində dayansaq, baş qəhrəmanı oynayan Natiq Həziyevin faktura, səhnə xarizması, xüsusən tamaşa salonuna qışqırtısız, pafossuz səs axını ilə etdiyi ötürmələr, tamaşaçının təsəvvüründəki Nəsimiyə yetişmək istəyi səmimi idi. Zaman-zaman onu tərk etməyən narahatlığı həm də həvalə olunan obrazın mətn, eləcə də fərqli qəzəllərin yükündən də qaynaqlanırdı. Təbii ki, bu oyun xüsusunda hər bir qəzəli gözəl səsləndirməsi, onların ifadəliliyinə daha çox fikir verməsi obraz olaraq özünüifadəyə təsirsiz ötüşmürdü.

Tamaşanın Əmir Teymuru (Rəşad Rzayev), Şeyx Zahidi (Bəhruz Hikmətoğlu), Dərviş libaslı müridi (Əmrulla Nurullayev) öz obrazlarını daha yaddaqalan, ifadəli etməyə çalışdılar.

Nəsimini aşiqlər sultanına çevirən Afətə (Müdvər Nemətova) gəlincə isə rejissorun səhnədə hərəkət, ifadəlilik, bir növ özünü realizə sərbəstliyi verdiyi aktrisanın bu fürsətləri fövtə verdiyini gördük. Səhnəyə yaraşan görünüşündən, həzin səs və ona fokuslanan işıqdan musiqiyə bütün texniki üstünlüklərdən hər vəchlə qaçdı.

Nəsimi poeziyası əsasında yazılan, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırmağa çalışan səhnə işi bizi şairin poeziyasına, onun nüvəsindəki bəşəri hisslərə və ən əsası onu nə dərəcədə hiss etmək gücümüzə hesablanmış sənət, yaradıcılıq etirafı idi. Ki, bunu da hər kəs öz bacardığı, zəka və ruh gücünün yetdiyi qədər duydu və duyurdu...

Həmidə NİZAMİQIZI