Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə noyabrın 20-də Xalq şairi Vaqif Səmədoğluna həsr olunan ədəbi-bədii gecə keçirilib.
Ədibin nəsr və nəzm əsərlərindən ibarət “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adlı kompozisiyanın rejissoru ADMİU-nun Teatr sənəti fakültəsinin müəllimi Gümrah Ömərdir. Layihədə fakültənin tələbələri çıxış ediblər.
Kompozisiyada V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə”, “Yatmaq istəyirəm”, “İçimə məhəbbət yazır”, “Əlimi uzatdım”, “Ömrün gecəsi gələndə”, “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” və digər şeirlərindən istifadə olunub.
Tədbirdə, həmçinin Musiqi sənəti fakültəsinin tələbələri V.Səmədoğlunun sözlərinə bəstələnmiş “Uzaq yaşıl ada”, “Sən gələndə”, “Qız əlləri”, “Kimsən sən?”, “Çiçək yağışı”, “Bir axşam taksidən düşüb payıza” (bəstəkar Emin Sabitoğlu), “Bəlkə də” və “Dön, geri dön” mahnılarını səsləndiriblər.