“Filmin daha uğurlu alınması üçün yaxşı dekorasiya ustalarına ehtiyac var”

İncəsənət növləri içərisində nisbətən yeni olan kino bir əsrdən çoxdur ki, insan həyatının ayrılmaz hissəsinə çevrilib. Yəqin elə bir kəs tapmaq çətin olar ki, ömrü boyu sevə-sevə izlədiyi ən azı bir film olmasın, özünü həmin filmdəki hər hansı bir qəhrəmana bənzətməsin.
Əksər insanlar filmləri baş rolların ifaçıları ilə xatırlayır, tanıyır. Sonra rejissor, ssenari müəllifi, rəssam, bəstəkar və ekran əsərinin digər yaradıcıları gəlir. Bir çoxları isə arxa planda qalır. Lakin film kollektiv əməyin nəticəsi kimi ortaya çıxır. Bu işdə əliqabarlı, alın təri tökərək çalışan dekorasiya ustalarının da xüsusi payı var. O ustalar ki, filmlərimizi izləyərkən heç dekorasiya olduğuna fikir vermədiyimiz dəbdəbəli sarayların, qeyri-adi görüntülərin, hətta təbiət mənzərələrinin maketlərini kinostudiyanın pavilyonlarında quraşdırırlar.


“Çalışdığım filmi göstərəndə çox gözəl hislər yaşayır, rahatlıq tapıram”

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilişlər üçün dekorasiyaların yaradılmasını və quraşdırılmasını dekorativ-texniki tikintilər sexi həyata keçirir. Bu çətin və maraqlı, eyni zamanda böyük məsuliyyət tələb edən peşənin sahibləri haqqında reportaj hazırlamaq üçün həmin məkana yollanırıq.
Sexə daxil olduğumuz zaman ustalar iş başında idilər. Kinorejissor Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” filminin çəkilişləri üçün yeni dekorasiyalar qururdular.
İlk müsahibimiz usta Şənol Əhmədov bir çox filmlərə dekorasiya hazırlanmasında əməyinin olduğunu deyir. Hətta işlədiyi ekran əsərləri çox olduğundan onların hamısının adlarını xatırlamaqda çətinlik çəkir: “1986-cı ildən bu sexdə işləyirəm. Həmin ildən bəri çəkilən əksər filmlər üçün dekorasiyaların hazırlanmasında çalışan ustalardan biri də mən olmuşam. Bu iş həddindən artıq maraqlıdır. Bəzən işdən evə yorğun gəlirəm. Televizorda görəndə ki mənim də çalışdığım filmi göstərirlər, çox gözəl hislər yaşayıram, sanki rahatlıq tapıram”.
Həmsöhbətim bizə dekorasiyaların hazırlanması proseslərini də izah edir. Usta deyir ki, dekorasiyaların formaları sexdə taxtadan və digər tikinti materiallarından istifadə edilərək düzəldilir, daha sonra pavilyonda quraşdırılaraq üzərində lazım olan bəzək işləri görülür: “Seximiz bütün xarakterli (tarixi, müasir) və hər cür mürəkkəblikdə olan pavilyonda, qapalı məkanlarda və ya təbiət qoynunda yerləşdirilməsi nəzərdə tutulan dekorların tikintisini həyata keçirməyə imkan verir.
Sexdə həm də tikilmiş dekorlarda bəzi tərtibat işlərini həyata keçirmək mümkündür. Yəni qədim dövrlərə aid, fantastik və qeyri-real olan, müxtəlif milli və coğrafi koloritli dekorasiyaları da qururuq”.
Ş.Əhmədov bildirir ki, filmlərdən başqa, sexdə eyni zamanda teleseriallar, musiqi klipləri, reklam çarxları, televerilişlər, mədəni-kütləvi tədbirlər, təqdimat mərasimləri, sərgilər üçün də dekorların hazırlanması və quraşdırılması həyata keçirilir.
Sexin göstərdiyi xidmət növlərinə interyer dekorları, landşaft dekorları, xüsusi dekorlar (dəmiryol vaqonu, gəmi, təyyarə və s.), maketlərin hazırlanması, rəngkarlıq işləri, üz çəkilməsi, dülgərlik işləri, işıqların quraşdırılması kimi dekorasiya işləri də daxildir.

“İşimiz müharibə zamanı arxa cəbhənin fəaliyyətinə bənzəyir”

Sənəti ilə fəxr edən daha bir usta Heybət Heybətov film çəkilişini müharibəyə, döyüş meydanına, arxa planda qalan işləri isə ön cəbhə üçün silah-sursat hazırlayan zavoda bənzədir: “Kino çəkmək müharibəyə bənzəyir. Qalib gəlmək üçün güclü arxa cəbhəyə, silah-sursata, neftə ehtiyac var. Bax bizim də işimiz film çəkilişində arxa cəbhənin işi kimidir. Filmin daha yaxşı alınması üçün yaxşı dekorasiya ustalarına ehtiyac var”.
30 ildən artıq kinostudiyanın dekorativ-texniki tikintilər sexində çalışan H.Heybətov “Yuxu”, “Qəzəlxan”, “Fəryad”, “Bəxt üzüyü”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Dolu” - ümumilikdə isə 30-a yaxın filmin dekorasiyalarının hazırlanmasında əmək sərf edib: “Bir çox filmlərlə yanaşı, “Mozalan” süjetlərinin, diplom işlərinin çəkilişlərində işləmişəm. Yaddaşımıza hər filmdən bir maraqlı xatirə, hər çəkilişdən bir hadisə həkk olub”.
Usta Heybət ekran əsərləri üçün dekorasiyaların hazırlanması il bərabər, müxtəlif vaxtlarda kütləvi səhnələrdə, epizodlarda filmlərə də çəkildiyini deyir: “Ümid” filmində sarğılı, yanmış gənc rolunda çəkilmişəm. Bu filmin çəkilişləri zamanı maraqlı bir hadisə də baş vermişdi. Çəkiliş üçün hərbi hissədən birgünlüyə vertolyot xahiş etmişdik. Çəkiliş bitən kimi vertolyot cəbhə bölgəsinə qayıtmalı idi.
Məni də bintlə sarıyıb vertolyotda saxlamışdılar. Kimsə bilmədən mənim üstümə çadır atır. Məni də yuxu tutur, yatıb qalıram. Bir də vertolyot havada olarkən xəbər tutdular ki, kimsə yatıb qalıb...”

Fariz Hüseynov