Azərbaycan kəlağayı sənəti artıq beş ildir ki, dünya irs xəzinəsində yer alıb. 2014-cü il noyabrın 26-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 9-cu sessiyasında Azərbaycanın kəlağayı sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.
Əlamətdar yubiley münasibətilə noyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı oldu.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərgi haqqında məlumat verdi. Qeyd etdi ki, ekspozisiyaya Əməkdar rəssam İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış 30 panno daxildir. Sərgi konsepsiyasının əsasını ənənəvi ipək üzərində rəsm sənətinə müasir, yəni müəllif yanaşmasının sintezi təşkil edir.
Diqqətə çatdırıldı ki, İnna Kostinanın xüsusi olaraq bu layihə üçün yaratdığı pannolarını Şəki və Basqalda keçən əsrdə qədim texnologiya əsasında müxtəlif müəlliflər tərəfindən hazırlanmış kəlağayılar ilə bir arada görmək mümkündür. Həmin kolleksiyada İnna Kostinanın müəllif işi də var. Qızılı ornamentli, bənövşəyi kəlağayı Basqalda Rəna İbrahimbəyova və Cəlil Tarverdiyevin yaratdığı “Kəlağayı” baramaçılıq mərkəzində 2003-cü ildə keçirilən yaradıcılıq forumunda hazırlanıb. İnna Kostina Azərbaycanın ipək üzrə rəssamları – T.Ağababayeva, İ.Zeynalova və F.Məmmədova ilə birlikdə qədim texnologiyaları nəzərə almaqla öz eskizləri əsasında kəlağayılar yaradıb.
Tədbirdə Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov və Rəssamlar İttifaqının üzvü Cəlil Tarverdiyev çıxış edərək sərginin rəssamın yaradıcılığı və sərgi barədə fikirlərini bölüşdülər. Çıxışlarda milli kəlağayı sənətinin dünya irs xəzinəsində yer almasının əhəmiyyətindən, bu sənətin təbliği və tanıdılmasının vacibliyindən də bəhs olundu.
Daha sonra çıxış edən İnna Kostina əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Sonda qonaqlar sərgi ilə yaxından tanış oldular.