XXI əsrin Aydını, yaxud boz rəngin miskinlik çaları

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Aydın” pyesinə müraciət edib. “Sevgiyə görə bağışla” adı ilə təqdim edilən tamaşaya Xalq  artisti İranə Tağızadə quruluş verib.

Mədəniyyət Nazirliyinin yubiley ilə əlaqədar keçirdiyi “Cəfər Cabbarlı həftəsi”ndə ilk təqdim edilən səhnə əsəri də bu tamaşa oldu. Tamaşada quruluşdan gələn maraqlı məqamlar az deyildi.

Məsələn, yoxsul həyat keçirməyə könüllü razılaşan, lakin həyat yoldaşının dili ilə desək, buna məcbur qalan Gültəkin (Həcər Ağayeva) və Aydının (Murad Məmmədov) mənzilində göz oxşayacaq, diqqəti çəkəcək şux rəngdə heç nə yoxdur. Baş qəhrəmanların əynindəki geyimlər də boz rəngin müxtəlif çalarlarındadır. Salondan səhnəni seyr edirsən və əsərin məzmununu, sonluğunu bilib-bilmədiyindən asılı olmayaraq, alt şüur düşüncənə belə bir ismarış ötürür ki, bu məkanda miskinliyin rənglərinə bulaşıb qalmaq olmaz, buradan qaçıb qurtulmaq gərəkdir.

İkinci məqam isə sevgili cütlüyün bu miskin görkəmli məkanına bütün yeni xəbər və bəlaların səhnəni iki yerə bölən pilləkənin ən yuxarı pilləsindən gəlməsidir. Zavodda məvacibin verildiyi xəbəri də yuxarıdan gəlir, Dövlət bəyin (Murad İsmayılov) özü də Aydıngilin mənzilinə həmin pilləkənlə yuxarıdan aşağı enir (bunu göydəndüşmə də adlandırmaq olar), finalda zəhər içib Aydınla vidalaşmağa gələn Gültəkin də səhnəyə qapıdan yox, pilləkəndən düşür.

Boz rəngin adını çəkmişkən… Tamaşadakı bütün personajlar (kazinodakı qırmızı korsetli şansonetkalardan başqa) ağ-qara, ya da boz geyimdədirlər, həm də bu rənglər əhvala, məqama görə yalnız Dövlət bəyin arvadı Böyükxanımın gəlişlərində qabarıq hiss olunur. Fransız dili müəlliməsi Gültəkini görməyə gələn “ərinin pullarını havaya sovuran xoşbəxt qadın” (Böyükxanım) başdan-ayağa ağ libasdadırsa, “arvadını yığışdırmaq” tələbi ilə Aydını görməyə gələrkən daş-qaşla aldadılan Böyükxanım isə qara rəngə bürünür. Qalan bütün məqamlardasa ağ-qara həyatın qütbləri, boz rəng isə hakimi-mütləq kimi qavranılır.

Yeri gəlmişkən, tamaşanın quruluşçu rəssamı Rusiyadan dəvət edilmiş Tatyana Melnikovadır.

Tamaşa boyu ən çox diqqəti çəkən iki məqamı da qeyd etmək istərdik. Gültəkinin koftasını arxadan düymələyən Dövlət bəyin sərvəti sevgiyə dəyişən bu saf qadını ələ keçirmək üçün mərci udduğunu ağzından qaçırdığı, Gültəkinin də dəyişdiyini Novruz bəyə sübut etmək üçün onu kazinoya gətirdiyi məqamlar, bir də finalda Gültəkinin peşmanlıq dolu son etirafını dinləyən Aydının bir kəlmə belə söyləmədən sevdiyi qadının zəhər dadan dodaqlarından öpərək başını soyumamış meyitin dizləri üstünə qoyub bu dünyadan könüllü gedişi.

Lakin “Sevgiyə görə bağışla” tamaşasının seyrçi üçün açıq qalan sualları az deyil. O cümlədən Aydın obrazının yozumu da fərqli təsir bağışlayır. Adətən, biz indiyədək Aydını cəmiyyətin mövcud quruluşuna, dəyərlər sisteminə qarşı üsyanda tək qalaraq məğlubiyyətini içki şüşəsində, sonra da həyatın dibində ört-basdır etmək istəyən şəxs kimi görmüşük. Lakin rejissorun Murad Məmmədovun təfsirində göstərdiyi Aydın bir qədər başqadır: sanki tənbəlliyi, yaxud fərasətsizliyi ucbatından həyatın dibindən qalxa bilmədiyi üçün pulun, qızılın hakimiyyətini pisləyən zəif xarakterlidir. Bu yerdə Aydının arvadı Gültəkinin ata evində gördüyü cah-cəlalı ona yaşada bilmədiyini tez-tez etiraf etməsi də tamaşaçını inandırır ki, “zəngin qız, kasıb oğlan” qeyri-bərabər sevginin uğurlu sonluğu olmayacaq.

Təkrarlanan narazılıq dolu kəlmələr bir gün Gültəkinin Dövlət bəy də olmasa, başqa zəngin kişinin ağuşuna düşəcəyinə təkan verəcək. Halbuki Gültəkin Dövlət bəyin təklifini Aydının daha dərin diblərə yuvarlanmaması üçün qəbul edir… Aktrisa Həcər Ağayeva qəhrəmanının Aydına ünvanladığı sevgi etiraflarına çılğınlıq qatmaqla bu sevginin fizioloji tərəflərini aşırı qabartdığı üçün onun cəmiyyət təbəqələri arasındakı fərqin mənasızlığı barədə söylədikləri mənasını itirir. Olsun ki, Cabbarlı hər iki qəhrəmanını heç də xəyalı, ruhu səmalarda dolaşan, mənəvi dəyərlərə çox önəm verən cütlük kimi yox, ilk baxışdan eşqə inanıb tələsik evlənərək maddi çətinlik qarşısında qalan gənclər kimi təsvir edib, sadəcə, onları indiyədək bu tamaşadakı kimi bizə göstərməyiblər.

Yeri gəlmişkən, “Sevgiyə görə bağışla” tamaşasında Gültəkin rolu iki aktrisaya tapşırılıb: ikinci iştirakçı Natəvan Hacıyevanı hələ bu rolda görmədiyimiz üçün Gültəkin obrazını rejissor-aktyor yozumunu tamlıqla açıqlaya bilmərik. 

Digər iştirakçılara gəlincə, Aydının məktəb yoldaşı, Gültəkinə bəslədiyi məhəbbəti qəlbində boğaraq ona dost münasibəti göstərən, zənginlərin əlində qalmış bu insanların intiqamını Dövlət bəy kimilərindən almağa hazır Surxay (Teymur Rəhimov) Aydından daha çox üsyançı, ondan daha qətiyyətlidir. Əməkdar artist Salman Bayramovun oynadığı zövqlü, zəngin Novruz bəy yalnız kazino səhnəsində görünsə də, əsas qəhrəmanlardan az yadda qalmır.

İranə Tağızadə seçdiyi əsərin qəhrəmanlarına fərqli tərzdə yanaşmağı sevən, pyesin mətnini fərqli səslənişlə səhnəyə gətirməyə üstünlük verən rejissorlardandır. Olsun ki, “Sevgiyə görə bağışla” tamaşasının fərqli yozumu tamaşa oynanıldıqca öz məcrasına düşəcək.

Gülcahan MİRMƏMMƏD