Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimi keçirildi.
2017-ci ildə yarıməsrlik yubileyini qeyd etmiş Azərbaycan Milli Xalça Muzeyinə həsr olunmuş 400 səhifəlik albom-kitabdakı materiallar üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunub.
Böyük müəllif qrupu tərəfindən ərsəyə gəlmiş kitabın təqdimat mərasimində rəsmilər, millət vəkilləri, sənət adamları, ziyalılar, gənc sənətsevərlər iştirak edirdilər.
Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva hər kəsi salamlayaraq qeyd etdi ki, “Azərbaycan Xalça Muzeyi” kitabı daha öncə muzeyin özündə təqdim edilsə də, nəşrin əhəmiyyətini və geniş oxucu kütləsinə tanıdılmasının vacibliyini nəzərə alaraq onun daha bir təqdimatını keçirmək qərarına gəldik.
Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, İCOM Milli Mərkəzinin sədri Şirin Məlikova kitab haqqında məlumat verdi, muzeyin tarixi və bugünkü fəaliyyəti barədə danışdı. Direktor dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın muzeyə daim qayğı göstərdiyini vurğuladı.
Xalça sənəti Qobustan qaya rəsmləri, Möminə xatın məqbərəsi, Şəki Xan sarayı, miniatür sənəti kimi Azərbaycanın bəşəriyyətə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Xalça həm memarlıq, həm rəssamlıq, həm ədəbiyyat, həm də musiqi ilə bağlı bir sənətdir.
Bu fikirləri isə Xalq yazıçısı Anar çıxışında vurğuladı.
Mərasimdə kitabın fəsillərini yazmış müəlliflər də çıxış etdilər. Müəlliflərin çıxışlarından o da məlum oldu ki, muzey və milli tətbiqi-dekorativ sənətlər barədə verilən qısa məlumatlar həm də tədbirdə keçirilən viktorinanın sualları ilə bağlı imiş. Çıxışları diqqətlə dinləyib suallara düzgün cavab verənlər muzeyə ikinəfərlik bilet və ekskursiya sertifikatı, muzeylə bağlı kitablar və hətta biraylıq toxuculuq kursunda pulsuz iştirak imkanı ilə mükafatlandırıldılar.
Təqdimatda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ən çox ziyarətçi qəbul edən muzey olduğunu vurğuladı, onun yeni və unikal memarlıq nümunəsi olaraq da diqqəti çəkən binasının tikilməsinin tarixindən danışdı: “İçərişəhərdə yerləşən məsciddən çıxarılaraq Muzey Mərkəzinin dar salonlarına sığınan Xalça Muzeyinin böyük kolleksiyası binanın zirzəmisində saxlanılırdı. Oradakı vəziyyətdən çıxış yolu tapmaq məqsədilə bir gün cənab Prezident İlham Əliyevi Muzey Mərkəzinə dəvət etdik. O, xalçaların saxlanıldığı şəraiti görəndən sonra dərhal yeni binanın tikilməsi haqqında qərar verdi. Beynəlxalq müsabiqədə qabil gələn Avstriya memarlar qrupu Xəzər sahilindəki yeni binanın layihəsini verdi. Sizə bir sirr açım ki, əgər Xəzər dənizində böyük qabarma baş verərsə, xalça muzeyinin binası gəmiyə çevriləcək, yəni unikal muzey təbii fəlakətdən zərər çəkməyəcək”.
Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınaraq bəşəri irs kimi qorunduğunu diqqətə çatdıran nazir həmin siyahıda xalqımıza aid daha 12 irsin yer aldığını, bütün bunların xalqımızın necə böyük istedad sahibi olduğunu sübuta yetirdiyini vurğuladı.
Sonra ziyalılar, sənətşünaslar çıxış edərək “Azərbaycan Xalça Muzeyi” kitabının nəşrinə dair ürək sözlərini söylədilər, muzeyin və kitabın yaradıcı kollektivinə minnətdarlıq etdilər.
Milli Xalça Muzeyinin əməkdaşlarının hazırladığı xovlu və xovsuz xalça nümunələri təqdim olundu, şəddə və çətən toxuması üzrə ustad dərsləri keçirildi. Tədbir yeni toxunan xalçanın dəzgahdan kəsimi ilə yekunlaşdı.
GÜLCAHAN