Noyabrın 23-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli yazıçı, dramaturq, mədəniyyət xadimi Cəfər Cabbarlının 120 illiyinə həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı həftəsi” çərçivəsində reallaşan tədbirin aparıcısı – pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə ədibin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən söz açıb.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov deyib ki, C.Cabbarlı yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr bəxş edib. C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən söz açan akademik bildirib ki, yazıçının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. C.Cabbarlı yaradıcılığı həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruyub saxlayıb.
Tədbir konsert proqramı ilə davam edib.