Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Xəyal Salahov "Bakı Oskarı” qısametrajlı filmlər festivalının qalibi olub. Teatrın mətbuat xidmətindən bildirilib ki, aktyor Qarabağ şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Məriz" qısametrajlı filmində canlandırdığı rola görə festivalın "Ən yaxşı aktyor" nominasiyası ilə mükafatlandırılıb.
Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.
Ümumilikdə 29 filmin daxil edildiyi festivalın məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, özünü bu sahədə sınamaq istəyən gənclərə dəstək olmaq, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdır.