Yenidən qapılarını ziyarətçilərin üzünə açıb

Bu il əlamətdar yubileyini – 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub.

Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub. Mərasimdə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında tikilib. Milli pavilyonda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib.

Nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür.

Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başlanıb.

Birillik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa olunub. Tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirib. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edilib. Bərpa edilən fəvvarə  hazırda “Azərbaycan” pavilyonunda qoyulub.

Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir, Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında Azərbaycan istehsalı olan məhsullar təqdim edilir, həmçinin milli suvenirlər əldə etmək mümkündür.

Kitabxana və oxu zalında müxtəlif nəşrlər yer alıb. Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan bərpa işlərinin xronikası təqdim edilir.

Pavilyonun tarixində ilk dəfə olaraq Azərbaycanın II Dünya müharibəsində iştirakına dair xüsusi ekspozisiya qurulub və burada AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları sərgilənir.

Qeyd edək ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu memarlıq və mədəni irs nümunəsi kimi tanınıb.

Moskva meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışından yazıb. Pavilyonun yenidən qurulması üçün böyük işlər görüldüyünü bildirən mer vurğulayıb ki, gənc moskvalılar pavilyonu heç zaman belə görməyiblər. 1939-cu ildə inşa edilmiş binanın gözəlliyi və milli üslubda dekoru ilə ziyarətçiləri heyran qoyduğunu yazan S.Sobyanin 1960-cı ildə pavilyonun fasadının örtüldüyünü və binanın görünüşünün tamamilə dəyişdiyini qeyd edir: “Lakin bərpa işləri başlananda ustalar panellər altında qalmış pavilyonun gözəlliyinə heyran oldular”.

Moskva meri yazır ki, yenidənqurma işləri zamanı mozaika, tarixi fənərlər və plafonlar, tavanın naxışları, rəngli şüşələrdən ibarət unikal vitrajlar bərpa edilib. O, pavilyonun girişində qoyulan “Çoban” və “Azərbaycan qadını” heykəllərinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan tökmələr əsasında bərpa olunduğunu da diqqətə çatdırıb.