Ölkə teatrlarının “Cəfər Cabbarlı həftəsi” davam edir

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” davam edir.

Xatırladaq ki, Cəfər Cabbarlının yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dramaturqun “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Dövlət Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb.

Noyabrın 23-də başlanan “Cəfər Cabbarlı həftəsi” çərçivəsində sözügedən tamaşalar Bakıda sənətsevərlərə nümayiş olunur.

Həftə Akademik Rus Dram Teatrında yaradıcı kollektivin Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırladığı “Sevgiyə görə bağışla” tamaşası ilə başlayıb.

Noyabrın 25-də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Gəncə teatrının   “Dönüş” tamaşası nümayiş olundu.

“Cəfər Cabbarlı həftəsi”ndə oynanılan üçüncü tamaşa “Solğun çiçəklər” oldu. Sumqayıt teatrının yaradıcı heyəti tamaşanı Dövlət Akademik Musiqili Teatrında təqdim etdi.

Lənkəran teatrının paytaxta gətirdiyi “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası noyabrın 27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində göstərildi.

Noyabrın 28-də isə bu səhnədə Şəki teatrının təqdimatında “Sevil” tamaşası nümayiş olundu.

Noyabrın 29-da Dövlət Gənc Tamaşaçılar Teatrı “Oqtay Eloğlu” pyesinin yeni səhnə yozumunu təqdim edəcək.

“Cəfər Cabbarlı həftəsi”nə 30 noyabrda Akademik Milli Dram Teatrının “Yaşar” tamaşası ilə yekun vurulacaq.