Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin təbliğ olunması, mədəni irsimizin, incəsənətimizin, tarixi həqiqətlərin yerli ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif təşəbbüslər, layihələr həyata keçirir. “Belarus 3” televiziya kanalında Azərbaycan filmlərinin nümayiş etdirilməsi də bu qəbildəndir.
Azərbaycan filmləri aylığına milli qəhrəmanlarımıza, adət-ənənələrimizə, tariximizlə bağlı ekran əsərləri daxil edilib. Bir qədər əvvəl telekanalda xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən “Babək” bədii filmi göstərilmişdi. Bugünlərdə isə Azərbaycanın dilbər guşəsi Qarabağın əsrarəngiz mənzərələrinin yer aldığı, Qarabağ atlarından, xalçalarından söz açılan “Dərviş Parisi partladır” bədii filmi nümayiş olunub. Kino aylığı davam etdirilir.