Yaxud əsrlərin toqquşma səhnəsi
“Cəfər bağda “Dönüş”ü yazıb qurtardı və Bakıya apardı. Oradan göndərdiyi başqa bir məktubunda yazırdı: “Pyesi artistlərə oxudum. Bəyəndilər. İndi o yanını, bu yanını düzəltməklə məşğulam...
...“Dönüş”də Cəfər teatrın, demək olar ki, bütün işçilərinin hərəkətlərindən, davranışından istifadə etmişdi... Təsadüfi deyildi ki, pyes tamaşaya qoyulandan sonra artistlər arasında dedi-qodu başlanmışdı. Bəziləri narazılıq edirdilər. Hətta bir dəfə teatrın qocaman artistlərindən Bağır Cabbarzadə mağazada mənə rast gəlib dedi:
– Sona bacı, Cəfər qardaş məni təzə əsərinə niyə yazıb?
– Səni? Hansı əsərinə? – deyə ondan soruşdum.
– Bəs sən bilmirsən, Sona bacı? O, “Dönüş”dəki Xosməmməd mənəm də. Sən uşaqlarının canı, Cəfərə deynən o rolu pyesdən çıxartsın.
Mən Bağırın şikayətini Cəfərə dedim. Cəfər cavab verdi ki, Bağır niyə inciyir? Orada bir o yox, bütün artistlər, rejissorlar, bəzi yazıçılar da var. Hətta mən özüm də varam. Burada inciməli bir şey yoxdur ki?! Nə var, onu yazmışam. Eləməsinlər, yazmayım”. Bu parçanı Sona xanım Cabbarlının xatirələrindən seçmişik. Təbii ki, bu da təsadüfi deyil. Çünki aradan uzun illər keçməsinə, Cabbarlının 120 yaşına çatmasına rəğmən əsərlərində qaldırdığı problemlər yenə də realdır. Lap “Dönüş”də olduğu kimi...
Əslində, Cəfər Cabbarlının bu pyesi yazmaqda əsas məqsədi, ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, teatr mühitini zərərli fikirlərdən, nəzəriyyələrdən təmizləmək idi ki, ona da nail oldu. Hər zaman müasir, sağlığında klassikə çevrilmiş Cəfər Cabbarlı qələminin unudulmaz məhsullarından biri də ana teatrımızın 10 illik yubileyi münasibətilə qələmə aldığı “Dönüş” pyesidir. Gəncə Dövlət Dram Teatrında yeni səhnə həyatını yaşayan bu real çalarlı maraqlı nümunə “Cəfər Cabbarlı həftəsi” çərçivəsində paytaxt sakinlərinin görüşünə gəldi.
Noyabrın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılan bu “Dönüş” özünün maraqlı səhnə həlli (quruluşçu rejissor – İradə Gözəlova, quruluşçu rəssam – Mirzə Mehdi) ilə tamaşaçıların alqışını qazandı.
Əsər tamaşaçı salonu ilə birbaşa ünsiyyəti ehtiva edən, adət etmədiyimiz formada təqdim olundu. Bundan başqa, izləyici ilə interaktiv oyun qurmaq və pyesdən irəli gələn teatr effektini tamaşaçılar orada yoxmuş kimi yaratmaqla həll baxımından maraqlı və cəsarətli xırdalıqlar edilmişdi. Rejissorun “əsrlərin toqquşması” kimi təsnifat verdiyi səhnə işində vahid bir xətt var idi: bütün qaranlıqların işığı səhnədən keçir.
Doğrudur, biz burada “dokumental” teatr janrına yaxın quruluş da görə bilirik. Təbii ki, bu da həm pyesin, həm də onun səhnələşdirilmiş variantının tələbidir. Reallığa maksimal dərəcədə yaxın yozumda məhz oyun quran teatrı, ümumi gedişatı görürük. Mənzərə daban-dabana eyni olmasa da, Cabbarlının incəliklə önə, səhnəyə daşıdığı teatr mətbəxi, oradakı rəqabətdən sıxışdırmaya bütün detallar var idi.
Tamaşada əsas hadisələr xaricdə təhsil alıb Azərbaycana qayıdan Gülsabahın ətrafında cərəyan edir. Teatr kollektivini yeni repertuar, yeni üsul, nizam-intizam uğrunda mübarizəyə çağıran, mövcud nöqsanları kollektivin köməkliyi ilə aradan qaldırmağa çalışan gənc aktrisa hər kəsin əsas hədəfinə çevrilir. Onu narahat edən əsas nöqsan isə teatr kollektivinin yenilikdən qorxaraq köhnəliyə pərəstiş etməsi olur ki, kulminasiya nöqtəsində də məhz bu məqam dururdu. Gənc nəsillə yaşlı nəsil arasında fikirayrılığı – “əsrlərin toqquşması” – sonda yenə də sənətin qələbəsi ilə başa çatır.
Yaşanan intriqa, yaranan söz-söhbətləri kənardan izləyən işıqçı Ötgün gördüklərini qələmə alır. Yazdığı pyesi bir neçə nəfərə, o cümlədən gənc və ötkəm xarakterə malik rejissor Bayrama göstərir. Nəticədə əsər səhnələşdirilir və məlum olur ki, tamaşaçının bayaqdan izlədiyi, əslində, Ötgünün pyesi əsasında hazırlanan tamaşa imiş. Məlum olur ki, Gülsabah sözügedən o mühafizəkarlığı aradan qaldırmağı bacarıb və teatr müasirləşməyə doğru gedir, özünün əsl simasında – ayna funksiyasında tamaşaçı qarşısına çıxır.
Rejissor dramaturgiyadan irəli gələn bu məqamlara yüngülcə əl gəzdirib, təmsilçisi olduğu teatr məktəbi və estetikasından da bir neçə qatqını əlavə etməklə baxımlı bir iş göstərdi. Qəribə də olsa, bu gün “teatrdakı maaşla dolanmaqdansa, gedim seriallarda çəkilim” deyən gənclər, fəxri adının, yaşının, obrazlarının arxasında gizlənməklə günün sənət-səhnə reallıqlarını əlinin arxası ilə itələyən qocamanlar, əzbərlədiyi 3-4 teatr termini ilə səhnədə novatorluq edəcəyini düşünən rejissorlar, arxaik, zamanından uzaq düşən əsərlərlə teatrların qapılarını yağır edən müəlliflər ... və daha kimlər səhnədən zala, arxa plandan tribunaya çıxarılmışdı.
Qeyd edək ki, əməkdar artistlər Ramiz Vəliyev (Xosməmməd), İlham Hüseynov (Qüdrət-Arslan), aktyorlar Kəmalə Məmmədova (Gülsabah), Samir Abbasov (Əmrulla), Günay Cabbarova (Turac), Murad Rüzigar (Bayram), Ruslan Hüseynov (Zaman) və digərlərinin rol aldığı tamaşa aktyor oyunu baxımından da təbii idi. Axı, hər zaman dondan-dona girərək müxtəlif obrazlara bürünən aktyorlar bu dəfə özlərini oynayırdılar.
Teatr mühitinin nöqsan və çatışmazlıqlarını gözlər önünə sərildiyi tamaşa maraqla, qəribə bir rəğbətlə qarşılandı.
Rejissor tamaşaçını əsas mətləbdən yayındırmaq üçün iki ağıllı üsula da əl atmışdı; bütün cəsarətli gedişlərdən sonra ya “parodiya”ya eyham vurur, ya da kütləvi populyar, qarmaqarışıq musiqilərlə balansı qorumağa çalışırdı.
Tamaşaçının da adekvat reaksiyaları var idi. Gah ağır mətləblərin hasilinə gülür, gah düşünür, gah da qəzəbli təsdiqləyici işarələr verirdi. Yəqin elə belə də olmalı idi: həyatın aynası olan səhnə kimi gerçək və səmimi...
Həmidə NİZAMİQIZI