Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri müstəqil “Şah Mat” teatrı tərəfindən tamaşaya qoyulub. Tamaşa Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş olundu.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov nümayişdən öncə çıxış edərək bildirdi ki, 2017-ci ildən fəaliyyət göstərən teatr bir neçə səhnə əsəri ilə izləyicilərin görüşünə gəlib.
Teatrın mətbuat xidmətinin rəhbəri Turan Etibaroğlu tamaşa haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, “Amansız teatr” üslubunda hazırlanmış ikihissəli tamaşada əsas məsələ həqiqətin və ədalətin olmamağıdır: “Ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür. Qədim yunan filosofu Ksanf fikirlərini Ezopun təmsilləri əsasında şagirdləri ilə bölüşür. O, hər dəfə çətin vəziyyətə düşəndə Ezopun köməyi ilə ağır durumdan xilas olur, bunu yalnız azadlıq uğrunda edir, qarşılığında Ksanfdan yalnız azadlıq istəyir.
Lakin Ksanf hər dəfə Ezopu başqa bir bəhanə ilə aldadır və yanında saxlayır. Sonda Ezop azadlığını alır, amma ona şər atıb cəza verirlər: azad insan olduğuna görə dərin uçuruma atırlar. Ezop qul olsa idi, sahibi sadə bir cəza verəcəkdi. O isə azad insanlara məxsus olan cəzanı seçir”.
Daha sonra “Ezop” tamaşası təqdim edildi. Səhnədə teatr kollektivinin göstərdiyi performans tamaşaçıların alqışları ilə qarşılandı.
Tamaşanın quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır. Səhnə əsərində rolları Anar Bulud, Orxan Bakinski, Pərvin Dadaşova, Ceyran Baxışova, Fərid Vəliyev və Azad Kərim ifa edirlər.
Nurəddin MƏMMƏDLİ