Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muzey əşyalarının daimi mühafizə portalı”nın yenidən işlənmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat-treninq keçirilib.
Respublikanın bütün bölgələrində təşkil edilməsi nəzərdə tutulmuş təqdimat-treninqdə nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, şöbənin sektor müdiri Yaşar Hüseynli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasov, Azərbaycan İstiqlal Muzeyinin, “Adzone” şirkətinin rəsmiləri və Gəncə, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş regional mədəniyyət idarələrinin tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və muzeylərin direktor, baş mühafiz və portalla işləyən operatorları iştirak ediblər.
Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunub, operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilib.
Mədəniyyət Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təmsil olunması üçün proqram təminatı ən müasir texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verir. Gələcəkdə portalın digər məlumat bazaları və veb-portallarla inteqrasiya olunacağı proqnozlaşdırılır.