Qazaxıstanın paytaxtı Nur-Sultanda köhnə türk əlifbasının deşifrə edilməsinin 126-cı ildönümü münasibətilə tədbir keçirilib.
Xatırladaq ki, 25 noyabr 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu elan edib. İlk olaraq “Tanrı” və “türk” sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
Ulu Budun (Böyük Xalqlar) Dərnəyinin Qazaxıstan Milli Muzeyində təşkil etdiyi tədbirdə bu barədə məruzələr təqdim edilib.
Ulu Budun Dərnəyinin sədri Meruert Kurmanqaliyeva 25 noyabrın türk tarixi üçün əlamətdar gün olduğunu xatırladaraq deyib: “Türk yazısı türk xalqlarının birləşməsinin təməlini yaradır. Məqsədimiz türk dövlətlərini mədəniyyət, incəsənət və tarix vasitəsilə birləşdirməkdir. 25 noyabrın bütün türk respublikalarında qeyd edilməsini arzulayıram. Buna zəmin yaratmaq üçün Qızıl Orda və Almatı əyalətlərində də tədbirlər keçirəcəyik”.
Tədbirdə türkoloq alimlərlə yanaşı, qazax, qırğız, noqay, türkmən, altay, uyğur, qaqauz, tatar, xakas və digər türk xalqlarının da nümayəndələri iştirak ediblər.