“Bu abidə qardaşlığımızın və birliyimizin daha bir rəmzidir”

 

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, dünyaşöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə müsabiqə elan edilib. Müsabiqəyə heykəltaraşlar tərəfindən 21 əsər təqdim olunub. Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Birinci yerə Xalq rəssamı Natiq Əliyevin hazırladığı eskiz layihəsi layiq görülüb.

Azərbaycan və Qırğızıstan prezidentləri mərasimdə çıxış ediblər.

 

Prezident İlham Əliyevin nitqindən

 

Bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.

Azərbaycanda onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyirdilər. Xatirimdədir, o, vəfatından bir az əvvəl Azərbaycana səfər etmişdi və mən onunla görüşmək, bir çox məsələlərdə uzun söhbət aparmaq imkanı əldə etdim. Həmin gün mən onu ehtiram əlaməti olaraq və münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif etdim. O, hər zaman haqq-ədalətin tərəfində olub. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.

Abidə Qırğızıstan Prezidentinin dövlət səfəri çərçivəsində açılır. Bu gün biz bir çox məsələlər, o cümlədən humanitar əməkdaşlıq məsələləri ilə bağlı çox səmərəli və mühüm danışıqlar apardıq. Bildiyiniz kimi, bu günlərdə Bakıda Qırğızıstan Mədəniyyəti Günləri keçirilir və rəmzi haldır ki, məhz belə təntənəli tədbirlər və dövlət səfəri çərçivəsində Bakı şəhərinin mərkəzi küçələrindən biri olan Azadlıq prospektində biz bu gün bu tədbirdə iştirak edirik.

Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək. Əminəm ki, bütün Türk dünyası öz layiqli nümayəndəsi ilə fəxr edir.

 

Prezident Sadır Japarovun nitqindən

 

Bu gün biz gözəl Bakı şəhərində böyük bir hadisəni – öz istedadı və insan ruhunu dərindən dərk etmək məharəti ilə dünyamıza işıq salan görkəmli qırğız yazıçısının və bütün türk xalqının oğlunun abidəsinin açılışını qeyd etmək üçün toplaşmışıq.

Qırğızıstan adından Azərbaycan Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevə ölkəmizə və Çingiz Aytmatova olan ehtiramına görə təşəkkürümü bildirirəm. Bu abidə Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir.

Sevindirici haldır ki, Azərbaycan tərəfi ölkələrimiz arasındakı mədəni əlaqələrə böyük diqqət yetirir. Bu, xalqların yaxınlaşması baxımından son dərəcə vacibdir. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi münasibətlərimizdə əlamətdar hadisədir. Biz bilirik ki, Çingiz Aytmatov Azərbaycanın böyük dostu idi və onun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə dostluğunu xüsusilə vurğulamaq istərdim. Hər iki şəxsiyyət tarixdə silinməz izlər qoyub. Heydər Əliyev onu yazıçı və ziyalı şəxs kimi yüksək qiymətləndirirdi. O deyirdi ki, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş edən Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün Türk dünyasının qürurudur.

Möhtərəm İlham Heydər oğlu, Çingiz Aytmatovun yubileyinin qardaş Azərbaycanda yüksək səviyyədə keçirilməsinə Sizin şəxsi töhfənizi də yüksək qiymətləndiririk. Çingiz Aytmatov, sadəcə, yazıçı deyildi, əsərləri ruhun dərinliklərinə nüfuz edən, bizi həyatın, sevginin, insan taleyinin mənası barədə düşünməyə vadar edən əsl söz dahisi idi. Bu abidənin Bakıda ucaldılması Qırğızıstanın və Azərbaycanın qardaş xalqları arasında dərin bağlılığın rəmzidir. Bu, Çingiz Aytmatovun yaradıcılığının hamımızı gözəllik, müdriklik və ahəngdarlıq uğrundakı vahid məqsəd ətrafında birləşdirdiyinin bariz sübutudur. Gənc nəslin ölkələrimizin qarşılıqlı münasibətlərinin tarixini, tarixi şəxsiyyətlərini, Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlıq səviyyəsini əzəldən müəyyən etmiş liderlərin rolunu bilməsi və dərk etməsi çox vacibdir.

İkitərəfli münasibətlər nöqteyi-nəzərindən qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri 1995-ci ildə Heydər Əliyev tərəfindən, “Manas” dastanının 1000 illik yubileyinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Həmin vaxt o, bu kəlamları demişdi: “Biz bir-birimizi ürəyimizlə hiss edirik və başa düşürük”. Bu qısa, lakin çox təsirli və səmimi ifadə ilə o, Qırğızıstan və Azərbaycanın, həqiqətən, qardaş xalqlar olduğunu nəzərdə tuturdu. Bu gün açılışına toplaşdığımız abidə hər kəsin böyük yazıçı ilə təmasda ola biləcəyi, xatirəsini ehtiramla yad edəcəyi və yaradıcılığından ruhlana biləcəyi bir yerə çevriləcək. Qoy, bu abidə hər kəsə insan ruhunun əzəmətini və sözün gücünü xatırlatsın.

***

Dövlət başçıları Çingiz Aytmatovun abidəsi üzərindən ağ örtüyü götürüblər. Bürüncdən hazırlanmış heykəlin hündürlüyü postamentlə birlikdə 3 metrə yaxındır.

Abidənin önündə Azərbaycan və ingilis dillərində müvafiq məlumat lövhəsi quraşdırılıb.

Prezidentlər Azərbaycan və Qırğızıstanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb söhbət ediblər. Sonda xatirə şəkli çəkdirilib.