Dekabrın 2-də AMEA-da “İncəsənətdə Nəsimi obrazı” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edirlər.
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, sərəncamın icrası ilə bağlı həm respublikamızda, həm də xaricdə silsilə tədbirlər təşkil edilib, o cümlədən AMEA-nın Humanitar Elmlər Bölməsinin müəssisə və təşkilatlarında konfrans və elmi sessiyalar keçirilib.
Vurğulanıb ki, İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb, şairin 600 illiyi UNESCO səviyyəsində qeyd edilib.
Mütəfəkkir şairin Azərbaycan ədəbiyyatında yerindən danışan İ.Həbibbəyli bildirib ki, müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdış böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin irsinin dünyada təbliğində mühüm rol oynayır. AMEA-nın vitse-prezidenti ötən il ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi soyunun davamçısı Məhəmməd Cövdət Nəsiminin və ailəsinin Azərbaycana gəldiyini, onların ata-baba yurdu olan Şamaxı şəhərini ziyarət etdiklərini və ölkəmizdə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalında iştirak etdiklərini xatırladıb. Mütəfəkkir şairin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini vurğulayan alim qeyd edib ki, Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib.
Konfransda Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev və Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov çıxış edərək konfransı yüksək qiymətləndirib, dinləniləcək məruzələrin şairin zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə “Heykəltəraşlıq sənətində Nəsimi obrazı” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan incəsənətində Nəsiminin bədii obrazının yaradılmasının milli mədəniyyətimizə töhfə olduğunu vurğulayan Ə.Salamzadə qeyd edib ki, Nəsimi obrazı heykəltəraşlıqda, rəngkarlıqda, xalça sənətində əksini tapıb.
Tədbir çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Dekabrın 3-də işini davam etdirən konfransda “İmadəddin Nəsimi və Azərbaycan musiqisi”, “Qazaxıstan təsviri sənətində Abay obrazı”, “Nəsimi yaradıcılığı kitab qrafikasında”, “Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində”, “Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü” və digər mövzularda məruzələr dinlənilib.