Şəki Dövlət Dram Teatrı “Cəfər Cabbarlı həftəsi”nə böyük dramaturqun ən məşhur əsərlərindən birini – “Sevil”i gətirmişdi. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.
“Sevil” pyesinin budəfəki rejissor yozumu səhnədən tamaşaçı salonuna ünvanlanan “ailənizin qədrini bilin, ey cavanlar” ismarışıdır. Təcrübəsiz, savadsız Sevil ilə yad dəyərlərin təmsilçisi Dilbərin maraqlarının toqquşması Sevilin sonradan savadlanaraq, hətta kitab müəllifi səviyyəsinədək yüksəldikdən sonra da davam edir.
Onu da qeyd edək ki, Sevil obrazı 18 yaşlı aktrisa Zümrüd Əliyevanın debütüdür. Digər rollarda əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov və Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Lalə Məmməd, Arzu Mustafayeva, Fərahim Fətəliyev, Nazilə İmamhüseynova və Aysun Mustafazadə çıxış edirlər.