Xəbər verdiyimiz kimi, görkəmli dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş teatr həftəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı da paytaxt teatrsevərləri qarşısında (27 noyabr) çıxış etdi. Yaradıcı heyət ədibin 1915-ci ildə qələmə aldığı “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” əsəri əsasında hazırladığı “Vəfalı Səriyyə” tamaşanı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirdi.
Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayev olan səhnə işi nakam məhəbbət dramına yeni rakursdan baxış kimi də qiymətləndirilə bilər.
Birhissəli dramatik nümunədə rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər.
Rejissorun dramaturji materialdan irəli gələn tələbləri əsas götürərək tamaşaya klassik üslubda həll verməsi və onu əhatə etdiyi mövzunu şaxələndirməklə təqdimatı “Vəfalı Səriyyə”ni hərəkətli etmişdi.
Ailə-məişət mövzusundakı tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti fonunda Səriyyənin anası Çimnazın pul düşkünlüyü və hikkəsi ön plana çıxarılmaqla faciənin ana xəttində məhz onun dayandığı vurğulanır. Guya övladını düşünən və onu xoşbəxt görmək istəyən, əslində isə pul və hökmranlığı hər şeydən çox istəyən, qızını vərəsəliyə görə zorla dayısı oğlu qoçu Qurbana ərə verməy çalışan ana onun heç bir yalvarışına məhəl qoymur. Rüstəmlə Səriyyənin ülvi məhəbbəti bütün sərhədləri aşmağa malik olsa da, sonda ölümlə, sevgililərin qətli ilə yekunlaşır.
Əbədi azadlıq və sevgi səadətinə işarə ilə sona yetən tamaşada əsl hisslərin alovu heç zaman sönmür kimi ideya təlqin olunur. Mühafizəkarlığın, özbaşınalığın qulu olan insanlar Səriyyə ilə Rüstəmin məhəbbətinin qarşısını hər vəchlə almağa çalışsalar da, buna nail ola bilmirlər. Cismani yoxluğu, ayrılığı mənəvi varlıq və əbədi səadət əvəzləyir.
Məhz bu izahlarda kölgə teatrının elementlərindən istifadə edən rejissor finalın sorağını da elə ilk səhnədə verməklə tamaşaçını yaxşıca hazırlamışdı. Kölgədəki qadını, narahat və kədərli Sürəyyanı pərdə arxasında saxlayan rejissor bütün obrazları səhnədən keçirərək səbəblə nəticə arasında şərti bir bağ yaratmışdı. Məhz bu üsulu tamaşanın finalına da daxil edən rejissor bu dəfə əbədi qəhrəmanları mərkəzə, qatilləri isə cəza yoluna salmaqla pərdə arxasında təsvir edirdi. Hadisədən-hadisəyə keçidin musiqili təsviri də ümumi rabitəni saxlayırdı. Tamaşa boyu iki məkan – Həmzə və Axundun evini görsək də, rejissor hadisələr fonunda dekorun funksionallığını və hər mizanda bir hissənin element önəmini göstərməklə səhnənin bütünlükdə istifadəsinə nail olmuşdu.
Bir neçə kəlmə də aktyor oyunu, obrazların səhnə emosiyası barədə.
Tamaşanın qatı xurafatçısı Həmzəni oynayan Q.Quliyev ifa manerasını bu oyuna da rahatlıqla oturda bilmişdi. İstər qəzəbində, istər intiqamında, istərsə də peşmanlığında situasiyanın hökmünü ustalıqla icra edirdi. Tamaşanın 2-ci dərəcəli obrazları olmalarına rəğmən əsas qəhrəmanları Həmzə və Səfər idi. Xidmətçi Səfəri ayrı bir koloritdə, tam səmimi və daxili süzgəcindən keçirərək ifa edən S.Mirzəyev həm tamaşanın ümumi planına xələl gətirmir, həm də “göz yaşı içində gülüş” məqamının haqqını verirdi.
Ümumi planda əsərin qəhrəmanları Səriyyə və Rüstəm (A.Əhmədova, S.Əliyev) səmimi oyun nümayişinə çalışsalar da, obrazlarını daxili dünyalarından keçirmədən hərəkətə gətirmələri onları asanlıqla ələ verirdi. Axund və Molla Möhsün (Ə.Axundov, M.Ağayev) isə hoqqabaz dindarlar kimi Cabbarlının güldüyü kimi güldürməyə çalışdılar.
Sonda bir məqamı vurğulamaq istərdik. Klassik əsərlərin səhnə həllində diqqət edilməli yeganə məqam onun müasirliklə sintezdə təqdimatıdır.
HƏMİDƏ