Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci sənət mövsümündə də tamaşaçılarına rəngarəng və maraqlı repertuar təqdim edir. Yaradıcı heyət növbəti səhnə əsərinin məşqlərinə başlayıb.
Yerli və xarici dramaturqların müxtəlif mövzulu əsərləri ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrini də müasir səhnələşdirmədə təqdim edən kollektiv bu dəfə Azərbaycanın məişət nağılları sırasında ibrətamizliyinə görə xüsusi yeri olan “Yeddi nar çubuğu”na müraciət edib.
Birlik, həmrəylik, ailə dəyərləri, doğmalara sevgi və bağlılıq kimi məqamları önə çəkən bu kiçik həcmli nağılı publisist Zülfüqar Rüfətoğlu pyesə çevirib. Tamaşaya Əməkdar artist Qurban Məsimov quruluş verir.
Azərbaycan Dövlət Kukla Teatrı, “İTALDİZAİN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq.
Belə ki, klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementləri tətbiq ediləcək. Parket və masaüstü kukla texnikalarında nümayiş olunacaq tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.
Səhnə əsərinin bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə yurd, torpaq təəssübü, çağırış, döyüş ruhlu musiqilər yazıb. Tamaşada ümumilikdə 10-dək mahnı səslənəcək.
“Yeddi nar çubuğu”nda obrazları əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva oynayacaqlar.