Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi” keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə keçirilən layihə iki ölkə arasında mədəniyyət və kinematoqrafiya sahəsində əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Kino həftəsi boyunca hər gün bir film nümayiş olunur. Ekran əsərlərinin bir neçəsinə biz də tamaşa etdik.
İlk gün açılış mərasimindən sonra “Burada üfüqlər sakitdir...” filmi təqdim olundu. Rejissor Renat Davletyarovun rus yazıçısı Boris Vasilyevin eyniadlı povesti əsasında çəkdiyi və 2015-ci ildə ekranlara çıxan film Böyük Vətən müharibəsindən bəhs edir. Qeyd edək ki, bu, povestin ikinci ekran həyatıdır. 1972-ci ildə rejissor Stanislav Rostotskinin M.Qorki kinostudiyasında lentə aldığı ikiseriyalı film böyük tamaşaçı rəğbəti qazanıb.
“İnterfest”, “Star media” və digər kinoşirkətlərin birgə ərsəyə gətirdiyi yeni film hərbi dram janrındadır. Ssenaristlər Yuri Karatkov, Artyom Vitkin, Renat Davletyarov, operator Semen Yakovlevdir. Rolları Pyotr Fyodorov, Anastasiya Mikulçina, Jenya Malaxova, Aqniya Kuzneçova, Sofiya Lebedeva, Kristina Asmus, Yekaterina Vilkova və başqaları oynayır.
1942-ci ilin may ayında müharibənin ən qızğın vaxtında faşistlərin təcrübəli, hazırlıqlı diversantları strateji mövqeyə malik olan Kirov dəmiryol xəttini və Belomor-Baltik kanalını ələ keçirmək istəyirlər. Onların qarşısına isə starşina Vaskov və tabeçiliyində beş qız əsgər çıxır. Onlar bu çətin tapşırığı canları bahasına yerinə yetirməli olurlar.
Kinohəftənin ikinci günü “Yaşıl karet” filmi nümayiş etdirildi. Filmin rejissoru Oleq Asadulin, ssenari müəllifi Artyom Vitkin, operatoru Andrey İvanovdur. Rollarda Andrey Merzlikin, Viktoriya İsakova, Aleksandr Miçkov, Sergey Yuşkeviç, Vladimir Menşov və başqaları çıxış edir.
Film bir ailənin dramından bəhs edir. Dostlar arasında iki gənc bir-birlərini sevib evlənirlər. Vadim Rayevskinin bəxti gətirir. O, çox məşhur rejissor olur, bir çox filmlər çəkir. Hətta axırıncı filmi “Oskar” mükafatına layiq görülür. Şan-şöhrət, bahalı avtomobillər, gözəl ev, jurnalistlərin diqqəti onun həyatını dəyişdirir. Öz ailəsinə artıq diqqət etmir. Baş verən hadisələr ailəsinə təsir edir. Həyat Vadimə gözlənilməz zərbə vurur. Oğlu atasının məşhurluqdan əvvəl ailəsinə göstərdiyi diqqəti görmür və intihar edir. Vadim oğlunun intihar səbəblərini araşdırıb günahkarları axtarmağa başlayır. Dərinliyə getdikcə dəhşətli faktlarla qarşılaşır.
Həftənin üçüncü günü “Quzum Dolli kinli idi, tez öldü” filmi göstərildi. Elmi fantastik macəra janrında olan filmin rejissoru Aleksey Pimanovdur. Ssenaristlər Qalina Salqarelli, Yelena Serova, Aleksey Pimanovdur. Filmdə Danila Şevçenko, Yuliya Saviçeva, Viktor Suxorukov, Roman Polyanskiy, Viktoriya Maslova və başqaları çəkiliblər. Baş qəhrəman Nikita cavan oğlandır. O, elmi eksperiment nəticəsində iyirmi beş il keçmişə, öz valideynlərinin cavanlıq vaxtına gedir və onların yaxın dostuna çevrilir. Özünə yeni dostlar tapır. Həmçinin əsl sevgisini tələbə Maşanın sayəsində tapır. Bu görüş sayəsində Nikita öz həyatını dəyişir. Lakin keçmişdə qalmaq onu sürətlə qocalmağa doğru aparır. Təcili öz dövrünə qayıtmaq ona çətin olur.
Bundan əlavə, oktyabrın 4-də “Kabus”, 5-də “Batalyon”, 6-da “Ələkeçməz” filmləri göstərildi. Rusiya kinosu həftəsinə 7 oktyabrda “Əziz anam” filminin nümayişi ilə yekun vurulacaq.
Qeyd edək ki, saat 18.40-da başlanan seansa giriş sərbəstdir.

Rəsul Şirinov