Xalq yazıçısı Kamal Abdullanın yeni kitabı təqdim olunub
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının imza günü və təqdimatı keçirilib.
Tədbiri mərkəzin direktoru Günel Anarqızı açıb. Bildirib ki, yazıçının “Sirlərin sərgüzəşti” romanında paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb.
Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edib: “Hər bir kitab dünyaya gələndə bir övlad kimi gəlir. Müəllif bu övladına olduqca həssaslıqla yanaşıb. Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı oxucunu dərkolunmayacaq qəribə aləmə aparır. Roman Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan bir əsərdir”.
Yazıçı-publisist Səyyad Aran, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüblər.
Qeyd edilib ki, roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur.
Kitabda Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lyudmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.
Sonda Kamal Abdulla hər kəsə təşəkkürünü bildirərək oxucuların suallarını cavablandırıb.
Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanlarından sonra sayca dördüncü romanıdır.