Azərbaycan aşıq sənətində özünəməxsus dəst-xətti olan sənətkarlardan biri də  ustad aşıq Hüseyn Bozalqanlıdır. Görkəmli saz-söz xiridarının ifası bir yana, poetik nümunələrində xalqımızın adət-ənənəsi, sevinci, kədəri və ictimai dərdləri  sənətkarlıqla əks olunub.

Hüseyn Məşədi Cəfərqulu oğlu Bozalqanlı 1862-ci ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Molla Səməd adlı axundun məktəbində üç il təhsil alır, ərəb və fars dillərini öyrənir. Erkən çağlardan poeziyaya maraq göstərir, on iki yaşında ilk şeirini qələmə alır. Aşıq sənətinə hədsiz marağı onu el şənliklərinə sövq edir. Məclis aparan ustad sənətkarları dinləyir. Bir müddət sonra  özü də saz çalmağı öyrənir. Üç ay Aşıq Məmmədquluya şəyirdlik edir. Aydın, şaqraq və məlahətli səsi xalq arasında sevilir. Doğulduğu kəndi özünə təxəllüs götürür.

Aşıq Hüseyn Bozalqanlı tanınmış el sənətkarı və sağlığında klassikləşən aşıqlardan olub. Gözəl saz ifaçılığı ilə yanaşı, dəyərli bədii nümunələr yaradıb. El sənətkarının şöhrəti ölkəmizin hər guşəsinə yayılıb. Aşıq bu barədə “Qırmızı” rədifli qoşmasında yazır:

Aşıq Hüseyn, telli sazdır əlində,
Hər suala cavabı var dilində.
Adı bəlli Azərbaycan elində,
Dolanmışam hər obanı qırmızı.

O, klassik aşıq şeirimizin görkəmli sənətkarları Dirili Aşıq Qurbani, Abbas Tufarqanlı, Molla Pənah Vaqifin yaradıcılığını mükəmməl öyrənib. Aşıq poeziyasının əksər janrlarında şeirlər qələmə alıb, həmçinin “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarını yaradıb. Sənətkar “Koroğlu” dastanının ən kamil bilicilərindən hesab olunub. Dastanın “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin Qıratı qaçırması”, “Koroğlunun vuruşması” və s. qolları Aşıq Hüseynin dilindən yazıya alınıb.

Araşdırmalardan məlum olur ki, Aşıq Hüseyn dövrünün çox məşhur sənətkarı  Aşıq Ələsgər ilə yaxın dost olub. Bənzərsiz yaradıcılıqları ilə aşıq sənətinə dəyərli töhfələr bəxş ediblər. Yaşadığı dövrün çətinlikləri onları bir-birlərinə çox yaxınlaşdırıb. Təəssüf ki, hər iki aşığın tarixi görüşü qələmə alınmayıb. Ancaq dildə-ağızda gəzərək yaddaşlarda yaşayıb.

Mənbələrdə qeyd olunur ki, Aşıq Hüseyn Bozalqanlı hazırcavablığı və özünəinamı ilə diqqət çəkib. Aşıqlarla deyişəndə heç vaxt sözünü birinci deməz, rəqibinə fürsət verərmiş. Bədahətən şeir söyləmək qabiliyyəti Xalq şairi Səməd Vurğunda ona qarşı rəğbət doğurur və onu “Əli qılınclı şair” adlandırıb.

Səyyad olub ov bərəsin keçəndə,
Yaxşı yerdə yaxşı gözlə, yaxşı yat.
Ovun gəlib bərəsinə çatanda,
Sərvaxt dayan, dürüst tuşla, yaxşı at...

Sənətkar yaşadığı dövrdə baş verən hadisələrə də həssaslıqla yanaşıb. 1905-ci ildə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı, talançılıq əməllərinə üsyan səsini qaldırıb. Zəngin dünyagörüşünə malik olan aşığın bənzərsiz yaradıcılığında fəlsəfi fikirlər, ibrətamiz nəsihətlər hər kəsdə dərin maraq doğurub.

1937-ci ildə Aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqına üzv olur.  İttifaqın nəzdində aşıqlar bölməsinin rəhbəri seçilir. Ustad sənətkar I və II Aşıqlar qurultayının, Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olur. Azərbaycan aşıq sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən sənətkar “Şərəf Nişanı” ordeni və fəxri fərmanla mükafatlandırılıb. O, 1941-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Aşıq Hüseyn Bozalqanlı bu ulu sənətin gələcək nəsillərə ötürülməsində böyük işlər görüb. Araşdırmalarda göstərilir ki, sənətkarın on dörd şagirdi olub. Bozalqanlı Aşıq Vəli, Əlimərdanlı Aşıq Nəcəf, eləcə də Mirzə Bayramov, Ələkbər Əsgərov və digər tanınmış aşıqlar onun məktəbinin davamçıları kimi şöhrət tapıblar.  Deyilənlərə görə, Aşıq Hüseyn müasirləri olan Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şairlər Vəli, Nəcəf və başqaları ilə deyişib. Bu deyişmələr ideya-bədii xüsusiyyətləri ilə yaddaşlarda yaşayıb.

Bilmirəm, nə dedim, yar küsdü məndən,
Coşqun çaylar kimi axdı da getdi.
Oynatdı qaşını, süzdü gözünü,
Mənə oğrun-oğrun baxdı da getdi.

Aşıq Hüseyn Bozalqanlı 12 noyabr 1941-ci ildə vəfat edib, doğulduğu kənddə dəfn olunub.

Savalan FƏRƏCOV