Azərbaycanın müstəqillik tarixinin unudulmaz səhifəsi olan 1990-cı ilin 20 yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmi növbəti beynəlxalq film festivalına dəvət alıb. Bu dəfə film Braziliyanın San-Paolo şəhərində keçiriləcək 39-cu “Mostra” kinofestivalında nümayiş olunacaq.
Quruluşçu rejissoru Vahid Mustafayev olan film festivalın “Beynəlxalq üfüqlər” müsabiqə bölməsində, Latın Amerikası və Braziliya premyerası statusunda təqdim olunacaq. Festival oktyabrın 22-dən noyabrın 4-dək davam edəcək. Ənənəvi festivalda müxtəlif ölkələrdən 300-dək ekran əsəri nümayiş olunacaq. Azərbaycan bu festivalda ilk dəfə iştirak edəcək.
Qeyd edək ki, Nebahət Çehrə və Lenn Deyvis kimi məşhur aktyorların rol aldığı “Qanlı Yanvar” filmi ilk dəfə 2015-ci ilin yanvarında ekranlara çıxıb və ötən müddətdə bir sıra festivallarda maraqla qarşılanıb.