Ölkəmizin Belçikadakı səfirliyində incəsənət sərgisi
Azərbaycanın Belçikadakı səfirliyində “Mincə sənət” qalereyası ilə birgə “Bir dəfə Azərbaycanda” adlı incəsənət sərgisi təşkil edilib. Sərgidə Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda yaşayan rəssam və sənətkarların əl işləri nümayiş etdirilib.
Azərbaycanın mədəni irsini, adət-ənənələrini təcəssüm etdirən, eləcə də portret və təbiət mövzusunda rəsmlər, milli ornamentləri əks etdirən aksesuarlar, keçədən hazırlanmış əl işləri tamaşaçılara təqdim olunub.
Səfir Fuad İsgəndərov “Mincə sənət” qalereyasının mədəniyyətimizin ölkə hüdudlarından kənarda təbliğinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirib, qalereyanın direktoru Fidan Bədəlovaya təşəkkürünü bildirib. Səfir rəsm əsərlərində Azərbaycan mədəniyyətinə xas olan müasirlik və ənənəvi çalarları xüsusi vurğulayıb.
Sərgidə 40 rəssam və sənətkarın 50-dən çox rəsm və əl işi nümayiş etdirilib, müəlliflərə sertifikatlar təqdim olunub.
Mərasimdə Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa təsisatlarının təmsilçiləri, Belçika ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Sonda qonaqlara ziyafət verilib.