Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə dekabrın 5-də Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib. Forum “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində təşkil olunub.
Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və digər rəsmilər iştirak ediblər.
Forumun açılışında Azərbaycanda könüllülük hərəkatının inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilib, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil olunub, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirilib. Ümumilikdə, tədbirlərdə 10 mindən çox gənc könüllü iştirak edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə könüllülük fəaliyyəti son dövrlər geniş vüsət alıb. Bu il fevralın 1-də ölkə başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib. Bu çağırışa uyğun olaraq, təkcə bu il 9 mərkəzi icra hakimiyyəti yanında, eyni zamanda əksər yerli icra hakimiyyəti orqanları yanında Könüllülük Hərəkatı təsis edilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, araşdırmalara görə, əmək bazarında üstünlük verilən komanda mühitində işləmək və ünsiyyət bacarıqları könüllülük fəaliyyəti ilə məşğul olanlarda daha yüksək səviyyədədir.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, könüllülük fəaliyyəti gənclərin həyatlarında, xüsusilə də karyera qurmalarında əhəmiyyətli yer tutur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov diqqətə çatdırıb ki, 1985-ci ildə BMT tərəfindən 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi təsis edilib, bu gün ölkəmizdə də qeyd edilir.
Onun sözlərinə görə, könüllülər “ASAN Xidmət”in ayrılmaz tərkib hissəsidir. İndiyədək 20 mindən çox könüllü “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərib, 550-dən çox layihə həyata keçiriblər. O bildirib ki, indiyədək 30 minə yaxın könüllü müxtəlif dövlət qurumlarında könüllülük fəaliyyətinə cəlb edilib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai könüllülərin xeyirxah missiya həyata keçirdiyini bildirib, Azərbaycan könüllülərinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Forum könüllülər təşkilatları və hərəkatları təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam edib.