Son illər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, özlərini fərqli yaradıcılıq sahələrində sınamaları üçün layihələr həyata keçirilməkdədir. Teatrın, səhnənin imkanlarından istifadə etməklə, fiziki əlilliyi nəzərə almadan əsl istedadlıları cəmiyyətə təqdim etmək missiyasının davamı olaraq daha bir sənət layihəsi reallaşdırıldı.

Dekabrın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fiziki məhdudiyyəti olan şəxslərdən təşkil olunmuş “Oyun” teatrının təqdimatında, professional aktyorların da iştirakı ilə hazırlanan “Solğun sevgilər” tamaşasının premyerası oldu.

Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstəyi ilə ərsəyə gələn tamaşa görkəmli dramaturq, bu il 120 illik yubileyini qeyd etdiyimiz Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinin motivləri əsasında səhnələşdirilib.

Tamaşanın premyerasını Mədəniyyət naziri Əbülfəs Qarayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, digər rəsmilər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, incəsənət xadimləri izlədilər.

Nazir Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında layihənin fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə həyata keçirildiyini və bu kimi addımların cəmiyyətə yararlı, lakin müəyyən məhdudiyyətinə görə özlərini cəmiyyətdən ayrı sanan insanlara stimul olduğunu bildirdi: “Peşəkar aktyorlarla bir səhnədə, çoxsaylı insanların qarşısında özlərini bir aktyor, bir ifaçı kimi sınayan, bununla da öz gizlin qalan potensiallarını nümayiş etdirmək imkanı qazanan vətəndaşlarımızı təbrik edirəm. Düşünürəm ki, hər bir insana yaradıcı potensialını göstərmək üçün meydan və imkan verməliyik. Göstərməliyik ki, o həssas qrupdan olan insanlar da sağlam cəmiyyət də fərdidir və bizim onların da bilik və bacarığına, istedad və yaradıcılıq məhsullarına ehtiyacımız var. Mənə elə gəlir ki, əsl inteqrasiya da məhz budur”. Bu kimi layihələrə hər zaman dəstək verdiklərini diqqətə çatdıran nazir təşəbbüsü alqışladığını və davamını arzuladığını da bildirdi: “Fiziki məhdudiyyətli insanlardan ibarət “Oyun” teatrının təşkili Azərbaycan Dövlət Kukla Teatrının təşəbbüsüdür. Biz bu və ümumilikdə yaradıcı inkişafa yönələn bütün təşəbbüsləri alqışlayır və dəstəkləyirik. İstənilən sənət layihəsinin gerçəkləşməsi, studiya, yaradıcılıq qruplarının fəaliyyəti üçün teatrlarda hər cür şərait yaradılıb. Ümumiyyətlə, istər mövcud, istərsə də  yeni formalaşan, maraqlı layihələrlə çıxış edən özfəaliyyət teatr kollektivləri ilə əməkdaşlıq edirik. Azərbaycanda xalq teatrlarının sayı artmaqdadır. Son illər biz bu prosesə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə fiziki məhdudiyyətli insanların da qoşulmasını təşviq edirik. Hesab edirəm ki, olduqca dəyərli təşəbbüsdür. Gələcəkdə də belə layihələri dəstəkləyəcəyik”.

“Oyun” teatrının “Solğun sevgilər”i maraqla qarşılandı. Quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılov olan birhissəli tamaşa, əsərin ana xəttinə toxunmadan yeni obrazların əlavə edilməsi ilə, müasir elementlərlə zəngin səhnə işi kimi diqqət çəkdi.

Qısa müddətdə ərsəyə gələn tamaşada peşəkar aktyorlarla tərəf-müqabil kimi çıxış edən fiziki məhdudiyyətli həvəskarlar baxımlı oyun nümayiş etdirə bildilər.

Peşəkar aktyorlar Türkay Cəfərli, Elnarə Qədimova, Ülviyyə Əliyeva, Günay Əhməd, Zümrüd Qasımova, eləcə də həvəskarlar Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Taleh İsmayılov, Rəsul Məmmədli və başqalarının rol aldığı səhnə nümunəsi səmimi oyun tərzi ilə yadda qaldı.

İki gəncin saf məhəbbəti və riyakarlıq nəticəsində hicranla sona yetməsinin nisgilli nəqli olan tamaşanın səhnə tərtibatı da maraqlı idi. Rejissor kino elementləri ilə səhnə mizanlarını sintezdə təqdim edərək tamaşaçını zaman əksləşməsinə, hadisələrin gedişindəki yerdəyişmələrə asanlıqla adaptasiya edə bilirdi. Bu işdə dünya və milli estrada nümunələrimizdən seçmələrlə tərtib olunmuş musiqinin də öz yeri vardı. Tamaşa zamanı fiziki məhdudiyyətli həvəskarla peşəkar aktyorların tanqo rəqsi, mahnı ifa etmələri, idmanla məşğul olmaları ilə bağlı səhnələr xüsusilə marağa səbəb oldu.

Anşlaqla keçən tamaşa sürəkli alqışların müşayiətində başa çatdı. Nümayişdən sonra səhnə arxasına keçən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yaradıcı heyəti təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı. Nazir “Oyun” teatrına hər zaman dəstək verəcəklərini, ümumilikdə fiziki məhdudiyyətli istedadlı insanlarla bağlı layihələrin hər birini diqqətdə saxlamağa çalışdıqlarını bildirdi.

HƏMİDƏ