Eksperimental Teatr Festivalı başa çatdı
Dekabrın 2-dən 10-dək davam edən “2+1” III Eksperimental Teatr Festivalında paytaxtdan kənardakı teatrlarımızın da aktiv iştirakının şahidi olduq. Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən festivalın proqramında ümumilikdə 18 səhnə əsəri yer almışdı.
Cari repertuar tamaşalarını yerləşdikləri şəhər-rayon və ümumilikdə regionun teatrsevərlərinə təqdim edən, eyni zamanda tamaşaçı auditoriyalarını daha da genişləndirməyə çalışan bu müəssisələrin festival canfəşanlığı xüsusilə alqışlanmalıdır. Çünki son illər, daha doğrusu, teatr sənətinin inkişafı ilə bağlı dövlət proqramı (2009-2019) çərçivəsində görülən işlər bu teatrların yerli, eləcə də xarici festivallarda, qastrollarda iştirakına imkan yaradıb. Bundan başqa, dəvətli rejissor, rəssam və digər mütəxəssislərin iştirakı ilə hazırlanan səhnə əsərləri də ümumilikdə yaradıcı fəaliyyətə müsbət təsir göstərir.
Bu festivalda isə izlədiyimiz uşaq tamaşalarını xüsusilə qeyd etməliyik.
Gəncədən gələn “Düyməcik”
Gəncə Dövlət Kukla Teatrının təqdim etdiyi (2 dekabr) “Düyməcik” tamaşası (Hans Xristian Andersen) belə nümunələrdən birdir. Fərqli teatrlarda müxtəlif janr yozumlarında səhnəyə qoyulan bu məşhur əsər gəncəli kuklaçıların təqdimatında da maraqlı alınmışdı. Asan konstruksiyalı tamaşanı dekorasiya problemi yaşamadan istənilən məkanda nümayiş etdirmək olar ki, bu da vacib nüansdır.
Gənc rejissor Şamil Məmmədli də bu məqamı nəzərə alaraq maraqlı bir həll yoluna əl atmışdı. Belə ki, səhnədəki sandıq vasitəsilə bütün tamaşanı – onun personajlarını, elə nağılçısını da görüb eşidə bilirdik. Quruluşçu rəssamı Sara Məmmədova, musiqi tərtibatçısı Araz Əsgərov olan, 7-12 yaş qrupu üçün nəzərdə tutulan tamaşanın rəng harmoniyası da uğurlu idi. Rolları Səməd Xanmıəmmədov, Nərmin Şərifova və Nahidə Namazova ifa edirdilər.
Tamaşanın özəlliyi ondadır ki, 40-45 dəqiqə zaman içində aktyor həm ifaçı, həm idarəedici, həm də nağılçıya çevrilərək bir an belə olsun uşağın diqqətini səhnədən yayınmamasına çalışırdı. Bu forma çağdaş kukla tamaşaları üçün ən xarakterik cəhətdir.
Qax kuklaçılarının “Xeyir və Şər”i
Qax Dövlət Kukla Teatrının paytaxt teatrsevərlərinə tamaşa sovqatı (6 dekabr) da baxımlı idi. Peşəkar kuklaçıların uzun illik əməyinin bəhrəsi olan səhnə performansı alqışlarla qarşılandı.
Teatrın baş rejissoru, Əməkdar artist, Prezident mükafatçısı Yusif Abdurahmanovun dahi Nizami Gəncəvinin “Xeyir və Şər” əsərinin motivləri əsasında hazırladığı tamaşa istər üslub, istərsə də ifadə baxımından öz fərqliliyini göstərə bildi. Canlı aktyor və kuklanın sintezindən istifadə olunan tamaşada biz xeyirlə şərin ənənəvi mübarizəsinin dinamik ifadəsini gördük.
13 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan tamaşada klassik musiqilərdən istifadə olunmuşdu. Tamaşanın quruluşçu rəssamı Mayıs Abdullayev, musiqi tərtibatçısı isə Yusif Abdurahmanovdur. Rolları Orxan Eminov, Nuru Mustafayev və Afət Yaqubova ifa edirdilər.
“Üç gün, üç gecə”
Şimal bölgəmizin teatr təmsilçisi – Qusar Dövlət Ləzgi Dram Teatrının da festival gündəliyi zəngin oldu. ATXİ-nin böyük səhnəsi ilə yanaşı ikinci tamaşasını da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş etdirən teatrın kollektivi iki gün ərzində paytaxt teatrsevərlərinin diqqətini cəlb etməyə çalışdı.
İlk olaraq Rafiq Rəhimlinin “Üç gün, üç gecə” adlı pyesi əsasında eyniadlı tamaşanı izlədik. Tamaşanın quruluşçu rejissoru Laləzər Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Doğru ilə yanlış, yaxşı ilə pis arasında kəskin fərq nümayişi olan səhnə işində tamaşaçılara həm hər kəsin səhvə etmək, həm də bağışlanmaq şansının olması kimi humanist bir fikir təlqin olunur. Daha doğrusu, ideyadan irəli gələn cəzalandırmaq və ya insanın özünü cəzalandırmaq kimi ali hissə yetməsinə işarə edilir.
Qusarlı teatr təmsilçilərinin, əsasən həvəskarlardan ibarət aktyorların oyunu bu sadə, lakin vacib həqiqəti səmimi boyalarla çatdıra bildi. Lalə Qurbanova, Namiq Mustafayev və Kəmalə Səfərova üçlüyünün həmahəng oyunu, pafosdan uzaq, sakit təbiri qənaətbəxş idi.
Müəyyən mənada ağır mətləblərin səhnədən ifadəsinin ardınca seyrçiləri Şuşa Dövlət Musiqili Dram Teatrına səsləyən ləzgi təmsilçilər öz dillərində “Sədəf” tamaşasını nümayiş etdirdilər. Anşlaqla keçən tamaşada ləzgi xalqının etnoqrafiyasından musiqisinə, məişətindən adət-ənənələrinədək bütün məqamların səhnə ifadəsini gördük.
İki gəncin saf məhəbbətini, kənd həyatını, kənd insanının düşüncə tərzi səhnəyə daşıyan “Sədəf”də sevginin hər səddi aşa bilməsinə böyük bir inam sərgilənir.
Musiqili komediya janrında tamaşanın quruluşçu rejissoru və bəstəkarı Faiq Qardaşov, quruluşçu rəssamı Marina Mahmudovadır. Klassik tamaşalara xas quruluş həllinə üstünlük verən rejissor bir səhnədə 3-4 evdən həyətə, onun məişətinə aid əşyalardan təsərrüfat elementlərinə xırda detallara belə vararaq sıx, məhdud bir səhnə qurmuşdu. Maraqlıdır ki, bir tamaşada bütün kollektivi məşğul edən quruluş müəllifi ləzgi nişan, xına və toy mərasimini bütün detalları ilə bizə göstərməyi bacardı. Bir növ nəsillərin yarışı olan rəqslər, rəngarəng geyimlər, ritmik musiqilər bütünlükdə zalı ələ almaq üçün kifayət edirdi.
“Kimdir müqəssir?”
Cəbhə xətti yaxınlığında sənət həyatı yaşayan, sənəti yaşadan Ağdam Dövlət Dram Teatrının festivalda çıxışı da yaddaqalan oldu. Cari çətinliklərə, truppasındakı aktyor çatışmazlıqlarına baxmayaraq, müxtəlif mövzu və janrlı tamaşalar hazırlayan kollektiv tamaşaçılara “Kimdir müqəssir?” kimi bəşəri suallı tamaşanı göstərdi.
Əbdürrəhim bəy Haqverdiyevin Adəmlə Həvvanın cənnətdən qovulma rəvayətinə verdiyi çoxçalarlı ədəbi rəngi səhnəyə daşımağa çalışan tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov teatrın imkanları daxilində baxımlı bir səhnə nümunəsi hazırlayıb. Obrazlarını daxili süzgəclərindən rahatlıqla keçirən, onları sadə insan həqiqəti – qadın marağı, kişi sadəlövhlüyü kimi təqdim etməyə çalışan aktyorların oyunu tamaşaçıların marağına səbəb oldu. Kərim Həsənov, Fərhad Fərhadzadə və Afəridə Əhmədovanın aktyor imkanlarına yaxşı bələd olan rejissorun oyunun yükünü bərabər paylaması xüsusilə alqışlanmalıdır.
Qazax teatrının “Cəhənnəm sakinləri”
Xalq yazıçısı Elçinin ağır mətləblərə işarə vuran “Cəhənnəm sakinləri” ilə sənət nümayişinə qatılan Qazax Dövlət Dram Teatrına gəlincə isə, biz daha çox dramaturji materiala arxayınlığı gördük. Tamaşanın quruluş müəllifləri (quruluşçu rejissor Musa Eyyubov, quruluşçu rəssam Afiq Məmmədov) mövzunun vizual həllindən çox aktyor oyununa, daha doğrusu, müəllif mətninin fərqli mizanlarda təsvirinə yer ayırmışdı. Bu şəraitdə isə daha çox mətn üzərində işə baş yoran aktyorun obrazına uyğun ifa maneralarını göstərməsi çətin olur. Bununla belə,
İlqar Hacəliyev, Nazilə Məmmədova və Aydın Orucov üçlüyünün çıxışı aktyor kimi obrazlarına məsuliyyətlə, həm də həyəcanla yanaşmaları ilə yadda qaldı.
***
Sadalanan səhnə nümunələrini izlədikcə hasil olan daha bir mənzərə var idi: bölgələrdə fəaliyyət göstərən hər bir teatr özünün tamaşaçısına uyğun bir obrazda, simada olduqda qazanclı sayılır. Bunu teatrın tamaşaçının ayağına getməsi və ya ümumilikdə özünün maarifçilik ideyasından qopması ilə əlaqələndirməsək, yaxşı nəticələr hasil edə bilərik. Təbii ki, truppanın potensialı və aktyor xarakteristikasına uyğun oyun üsulunu da tətbiq etməklə...
Ümumilikdə yaradıcı işə, teatr eksperimentlərinə meydan olan, dövlət teatrları ilə yanaşı, müstəqil teatrlara da özlərini nümayiş imkanı verən maraqlı sənət hadisəsi kimi yadda qaldı.
H.NİZAMİQIZI