“Bu kitabı Azərbaycanı başqa prizmadan görməniz üçün ərsəyə gətirdim”

“Biznes-Dialoq-Media” nəşriyyat-kommunikasiya qrupunun baş direktoru, “Russian Business Guide” nəşrinin baş redaktoru, sahibkar, yazıçı Mariya Suvorovskayanı Azərbaycanda da yaxşı tanıyırlar. Azərbaycana xoş münasibət bəsləyən xanım-yazarın “Xəzər üzərində yelləncək” kitabı ötən il əvvəlcə Rusiyada rus dilində, sonra isə ölkəmizdə Azərbaycan dilində işıq üzü görüb. Povest hisslərin, qadınların emosional həyəcanlarının tarixçəsi olmaqla yanaşı, həm də yazıçının Azərbaycana, onun mədəniyyətinə və adət-ənənələrinə sevgisinin özünəməxsus rəmzidir.

Dekabrın 8-də Moskva vilayətindəki “Arxangelskoe” muzey-malikanəsində Mariya Suvorovskayanın “Üzümlüyün yanındakı ev” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Yazıçı özünün ad günündə oxucularına məhəbbət, özünə qayıdış, həyatın mənası və ahənginin yeni tarixçəsini hədiyyə edib.

Təqdimat mərasimində çıxış edən Mariya Suvorovskaya deyib: “Maraqlı və heyrətamiz ölkə olan Azərbaycan özündə bir çox iqlim qurşağını birləşdirir. Hər bir rayonun öz sehrli mədəniyyəti var. Bu kitabı sizlərin Azərbaycanı başqa prizmadan görməniz üçün ərsəyə gətirdim. Onun ana xəttini səyahətim zamanı keçdiyim İsmayıllı rayonu təşkil edir. Mən pomidorla qayğanağın, samovar çayının verildiyi səhər yeməyini heç zaman unutmayacağam. Əgər bütün bunların azacıq hissəsini oxuculara çatdıra bilsəm, o zaman özümü xoşbəxt hiss edəcəyəm”.

“Üzümlüyün yanındakı ev” məhəbbət haqqında povestdir. Şərab kimi, həqiqi məhəbbət də ən münasib yaşda, öz vaxtında qarşına çıxmalıdır. Məhəbbətə hazır olmaq lazımdır, hisslər əla şərab timsalında insanı həyəcanlandırmalı, onun dadı da uzunmüddətli və xoş olmalıdır. Kitab hər şeyə başlamağın heç vaxt gec olmadığı haqqındadır. Bunun üçün dərindən nəfəs almalı, yaxud bir udum şərab içərək qəlbini açmalısan.

Kitabın hər fəsli Azərbaycanın İsmayıllı rayonunda şərab istehsal edilən üzüm növünün adını daşıyır. Povest təbiətin gözəl təsviri, şərabların xarakteristikası ilə zəngindir.

Müəllifi təbrik edənlər arasında Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadiyyat üzrə müşaviri Şövqi Mehdizadə, Moskva vilayəti Jurnalistlər İttifaqının sədri, Rusiya Jurnalistlər İttifaqının katibi Natalya Çernışova və başqaları olublar.