Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.

Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının birgə keçirdiyi tədbirdə əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov böyük dövlət xadiminin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışdı. Qeyd etdi ki, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub: “1993-cü ildə ulu öndərimizin xalqın çağırışı ilə  hakimiyyətə qayıtması  Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi qoruyub saxlamaqla bərabər, elmimizi, mədəniyyətimizi məhv olmaqdan xilas etdi”.

Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olundu.

YAP Səbail Rayon Təşkilatının sədri, professor Şəmsəddin Hacıyev bildirdi ki, Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı ən ağır bir zamanda – 1993-cü ilin iyununda taleyini yenə Heydər Əliyevə etibar etdi. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi.

Vurğulandı ki, ulu öndərin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır.

Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, kafedranın dosenti Rasim Süleymanov və YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək ulu öndərin müdrik siyasəti, cəsarəti ilə sabitliyi bərqərar etdiyini, Azərbaycanın parçalanmasına yönəlmiş addımları dəf edərək müstəqil inkişafın təməlini möhkəmləndirdiyini söylədilər.

Sonda tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətini əks etdirən “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı kitab sərgisi ilə tanış oldular.

NURƏDDİN