Oktyabrın 22-də Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru, Xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi təşkil olunacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
Film Fondundan bildirilib ki, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinləniləcək və operatoru olduğu "Xəzər neftçiləri haqqında dastan" sənədli filminin yeni bərpa olunmuş nüsxəsi nümayiş olunacaq.
Cavanşir Məmmədov “Görüş”, “Mahnı belə yaranır” bədii ekran əsərlərinin operatoru olub. “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər”, “416-cı”, “Təbiətin dostları”, “Azərbaycan mədəniyyətinin baharı”, “Lənkəran”, “Lahıc dağlarında əks-səda” və s. sənədli filmləri çəkib. O, respublikada xronika və sənədli filmlərin əsasını qoyub.