Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd olunub.
Tədbirin aparıcısı – Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək yubilyara ürək sözlərini çatdırıb. O, Azərbaycan aşıq sənətinin, eləcə də Qazax məktəbinin inkişafında xidmətləri olan Camoy Qurbanovun 40 illik sənət yolu, eləcə də Aşıqlar Birliyinin Qazax-Ağstafa bölməsinin bədii rəhbəri kimi fəaliyyətindən söz açıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da Camoy Qurbanova xoş arzularını çatdırıb, onun sazı, sözü yaşadan bir aşıq olduğunu bildirib. Yubilyara fəxri fərman təqdim olunub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək sazın, sözün ali mükafatını başda gəzdirən Qazaxda olmaqdan məmnunluğunu bildirib, rayonda belə yubiley tədbirlərinin təşkil edilməsinin və aşıqlara olan qayğının təqdirəlayiq olduğunu vurğulayıb. M.Qasımlı yubilyara birlik adından fəxri fərman təqdim edib.
AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Pəri Məmmədova, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Məmməd Qocayev də yubilyara ürək sözlərini bildiriblər.
Sonra söz yubilyarı təbrik etmək üçün aşıqlara verilib. Bakıdan qonaq gəlmiş Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun üzvü Nailə Qurbanova, Gəncədən gəlmiş kəlbəcərli balaban ustası İbad Allahverdiyev, Ağstafadan aşıq Eldar Göyçəli, Qazax aşıqlarından Hacı Abdıyev, Hüseyn Dərgahquluyev, Kifayət Dərgahquluyeva və başqaları saz havaları ilə yubilyarı təbrik ediblər.
Aşıq Camoy Qurbanov çıxış edərək yubiley tədbirinə və onun yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Tədbir Qazax şəhər 2 nömrəli Musiqi məktəbinin şagirdlərindən ibarət saz qrupunun ifasında Səməd Vurğunun “Azərbaycan” şeirinin səslənməsi ilə başa çatıb.