Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan konfrans

“Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” ölkə başçısının sərəncamına uyğun olaraq dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tarixin izi ilə” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan və Özbəkistan alimləri də məruzələrini təqdim ediblər.

Əvvəlcə konfrans iştirakçıları Tarix İnstitutunun almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov tədbiri açaraq Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Tarix İnstitutu Almaniyanın arxivlərində – Berlin şəhərindəki Federal Arxivdə, Xarici İşlər Nazirliyinin Siyasi Arxivində və Prussiya Mədəni İrsinin Dövlət Arxivində saxlanılan Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev iki xalq arasında münasibətlərin dərin kökləri olduğunu bildirib. Diqqətə çatdırıb ki, 1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək, Gürcüstan və Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Yelenendorf (Helenendorf – bugünkü Göygöl şəhəri) salınıb.

Konfransda çıxış edən tədqiqatçılar Oskar Valter, Simon Kopadze, Həcər Verdiyeva, Sevinc Hüseynova, İkram Ağasiyev, Mais Əmrahov və başqaları bildiriblər ki, almanların Cənubi Qafqaza, xüsusilə də Şimali Azərbaycana köçürülməsi ilə Avropa kənd təsərrüfatı yeniliklərinin regionda yayılmasına şərait yaranıb.

Tədbir zamanı almanların Azərbaycanda məskunlaşma tarixini əks etdirən fotosərginin, yazıçı-publisist  Orxan Arasın “Mavi gözlərin eşqi”, Çingiz Abdullayev, Abbas Seyidov və Həcər Verdiyevanın “Azərbaycandakı almanlar: naməlum səhifələr...” kitablarının da təqdimatı olub.

Konfrans çərçivəsində almaniyalı professor Oskar Valter akademik Yaqub Mahmudova iki ölkə arasında elmi əlaqələrin inkişafında xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalını təqdim edib.