Alman portalı Azərbaycana səfər haqqında
Almaniyanın “fräulein-draußen” internet portalında yerləşdirilən “Kiçik ölkə, böyük müxtəliflik – Azərbaycana səyahət” adlı məqalədə Azərbaycana səfər etmiş alman turistlərin ölkəmiz haqqında təəssüratları əks olunub.
Məqalədə Azərbaycanın zəngin təbiəti, ölkənin landşaftının müxtəlifliyi və fərqli iqlim qurşaqları, burada hündürlüyü dörd min metrdən artıq Qafqaz dağları ilə yanaşı, meşələrin, çöllərin, eləcə də palçıq vulkanlarının, dəniz sahillərinin olduğu nəzərə çatdırılır.
Səyahətin Azərbaycan Turizm Bürosu və idman ləvazimatları istehsalı üzrə ixtisaslaşan “Lowa“ şirkətinin dəstəyi ilə gerçəkləşdiyi qeyd edilən məqalədə turistlərin ölkədən müsbət təəssüratla geri döndükləri, Azərbaycan təbiətinin gözəlliyinə, insanlarının qonaqpərvərliyinə heyran qaldıqları vurğulanır.
Turistlərin əvvəlcə Azərbaycanın İsmayıllı rayonuna səfər etdiyi bildirilir, Qaranohur gölü və digər məkanlardan söz açılır.
Lənkəran rayonuna gedən turistlər buradakı şəlalələrdən bəhs edirlər. Səfər zamanı Xınalıq kəndinə də baş çəkən turistlər kəndin yüksək dağlıq ərazidə yerləşdiyini, buradan baxdıqda hündürlüyü dörd min metrə çatan dağlara və dağların arasındakı vadiyə gözəl mənzərənin açıldığını nəzərə çatdıraraq bu mənzərələri əks etdirən şəkilləri məqalədə yerləşdiriblər.
Məqalədə Frankfurt şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçirildiyi nəzərə çatdırılır. Yerli əhalinin olduqca qonaqpərvər olduğunu qeyd edən turistlər yol boyunca çoxlu kafelərin fəaliyyət göstərdiyini vurğulayırlar.