Azərbaycanlı rejissorun Müslüm Maqomayev haqqında filmi Rusiya kanalında

Oktyabrın 25-də, dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin vəfatının yeddinci ildönümündə Rusiyanın Birinci kanalı rejissor Mehdi Məmmədovun “Doğulandan əbədiyyətə qədər” adlı sənədli filmini tamaşaçılara təqdim edəcək.
Müğənninin memuarları əsasında çəkilmiş filmdə onun həyatının və dövrünün əlamətdar hadisələrindən bəhs edilir. Filmdə Müslüm Maqomayevlə dahi şəxsiyyət Heydər Əliyevin böyük dostluğundan da bəhs edilir, nadir fotoşəkillər və unikal kadrlar nümayiş olunur.
Ekranda Müslüm Maqomayevin həyat və yaradıcılığının ən mühüm anları: uşaqlıq illəri və ailəsi, ilk musiqi əsərləri, məşhur musiqiçilərlə tanışlıq, Tamara Sinyavskaya ilə görüş səhnələri bir-birini əvəz edir. Xatırladaq ki, Bakıda bu filmin premyerası 2013-cü il noyabrın 12-də “ÜNS” yaradıcılıq səhnəsində keçirilib.
Tamaşaçılar gənc rejissor Mehdi Məmmədovu “Titanların dostluğu: Rostropoviç və Şostakoviç” filminin yaradıcısı, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının birinci musiqili-bədii ekranlaşdırılmasının müəllifi kimi tanıyırlar.