Azərbaycan

17 dekabr 1905 – Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov; 1905 – 3.7.1990) Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndində anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

17 dekabr 1924 – Filologiya elmləri doktoru, Əməkdar jurnalist, professor Şirməmməd Ağaməmməd oğlu Hüseynov (1924 – 24.6.2019) Şəkidə doğulub. Mətbuat tariximizin, Xalq Cümhuriyyətinin, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli irsinin öyrənilməsi və təbliğində böyük xidmətləri var.

17 dekabr 1987 – Tanınmış rəngkar Fərhad İbrahim oğlu Hacıyev (29.8.1929 – 1987) vəfat edib. Azərbaycanda bərpa rəssamlığının əsasını qoyub.

17 dekabr 1993 – Xalq yazıçısı, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911 – 1993) vəfat edib. “Gələcək gün”, “Böyük dayaq” romanları,  “Həyat”, “Kəndçi qızı” pyesləri və s. əsərlərin müəllifidir.

 

18 dekabr 1928 – Tanınmış xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 – 11.6.1987) Salyan rayonunda doğulub. Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (“Leyli və Məcnun”), Şah İsmayıl (“Şah İsmayıl”) və s. rollarda çıxış edib.

18 dekabr 1930 – Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

18 dekabr 1957 – Yazıçı, dramaturq, şair Əməkdar incəsənət xadimi Əyyub Cəbrayıl oğlu Abbasov (1905-1957) vəfat edib. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

 

19 dekabr 1921 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (1921 – 21.8.2002) Bakıda anadan olub. “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi” və s. məşhur əsərlərin, nəşrlərə illüstrasiyaların, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

19 dekabr 1947 – Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 – 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor işləyib. Pyesləri tamaşaya qoyulub.

19 dekabr 1950 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950 – 17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

17 dekabr 1830 – Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt; 1830 - 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.

 

18 dekabr 1921 – SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Vladimiroviç Nikulin (1921 – 21.8.1997) anadan olub.

 

19 dekabr 1864 – Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger; 1864 - 1943) anadan olub.

19 dekabr 1915 – Fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf – Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.

Hazırladı:  Vüqar ORXAN