Kinorejissor Nikita Mixalkov Azərbaycan Prezidentinə təşəkkür edib

Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur kinorejissor Nikita Mixalkov Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Mənim əməyimi bu qədər yüksək qiymətləndirdiyinə görə İlham Heydər oğluna çox təşəkkür edirəm”.
Nikita Mixalkov vurğulayıb ki, Azərbaycanla mədəni əlaqələri çoxdan yaranıb: “Bunu xatırlamaq kifayətdir ki, mən “Yadlar arasında özününkü, özününkülər arasında yad” adlı ilk tammetrajlı filmimin əsas səhnələrindən birini məhz Azərbaycanda çəkmişəm. Elə həmin vaxtdan, neçə illər bundan əvvəl azərbaycanlı həmkarlarımla yaradıcılıq dostluğumuz başlanıb. Ümid edirəm ki, bu yaradıcılıq əlaqələri davam edəcək”.
Rejissor bu yaxınlarda Bakıya səfərini də xatırladıb: “Azərbaycan Prezidenti ilə telefon söhbətimizdə Qriboyedov haqqında film üzərində azərbaycanlı həmkarlarımla birgə işləmək imkanını müzakirə etdik. Ümid etmək istəyirəm ki, Azərbaycan dövlətinin bu yüksək mükafatını öz yaradıcılığımla doğrulda biləcəyəm”.
Qeyd edək ki, rejissor rus şairi və diplomatı Aleksandr Qriboyedov haqqında film çəkməyə hazırlaşır. Qriboyedov 1828-ci ildə Rusiya-İran müharibəsində Türkmənçay sülh müqaviləsinin bağlanmasından (Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi) sonra Tehranda səfir işləyib və 1829-cu ilin fevralında orada qətlə yetirilib.
Oktyabrın 21-də Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rejissorun təltif olunması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamını və təbrik məktubunu oxuyaraq “Dostluq” ordenini ona təqdim edib.