Dövlət Teatr Muzeyində böyük dramaturqun irsi ilə bağlı yeni ekspozisiya təşkil edilib
Dekabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yeni ekspozisiyanın açılışı və mədəniyyət ocağının 85 illiyinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayev və qonaqlar yeni yaradılan ekspozisiya ilə tanış oldular.
Mərasimdə çıxış edən Əbülfəs Qarayev Dövlət Teatr Muzeyinin fəaliyyətindən söz açdı. Bildirdi ki, muzey 147 yaşlı milli teatrımızın tarixini özündə əks etdirən eksponatlarla zəngindir.
Nazir Prezident İlham Əliyevin sərəncamı ilə böyük dramaturq və ictimai xadim Cəfər Cabbarlının 120 illik yubileyi çərçivəsində muzeydə Cabbarlı ekspozisiyasının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Vurğuladı ki, dövlət başçısının sərəncamı, keçirilən yubiley tədbirləri Cabbarlı irsinin əbədiyaşarlığını bir daha sübut edir.
Qeyd edildi ki, ulu öndər Heydər Əliyev hər zaman Cəfər Cabbarlı yaradıcılığına diqqət göstərib, onun xatirəsinin əbədiləşdirilməsi sahəsində böyük işlər həyata keçirib. Bu gün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Nazir C.Cabbarlının Bakıdakı ev-muzeyinin də bərpasının reallaşacağına ümidvar olduğunu qeyd etdi, həmçinin ədibin Xızıdakı ev-muzeyində bərpa işlərinin davam etdirildiyini diqqətə çatdırdı: “Yubiley ili çərçivəsində muzeydə Cabbarlı guşəsinin istifadəyə verilməsi böyük ədibin həyat və fəaliyyətinin gənc nəslə təbliğ olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda teatrlarımız tərəfindən həyata keçirilən “Cəfər Cabbarlı həftəsi” Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan dramaturqun xatirəsinə ehtiramdır. Cabbarlının pyesləri bu gün yeni quruluşda, çağdaş təfəkkür işığında təqdim olunur”.
Nazir çıxışının sonunda muzeyin əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik etdi, uğurlar arzuladı.
Akademik Nizami Cəfərov çıxış edərək Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatında rolu, ana dilinin qorunmasında göstərdiyi xidmətlərdən söz açdı.
Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı ekspozisiyanın hazırlanmasında əməyi olanlara təşəkkür etdilər.
Çıxışlardan sonra Azərbaycan Dövlət Pantomima Teatrı aktyorlarının ifasında C.Cabbarlının əsərləri əsasında hazırlanmış kompozisiya təqdim edildi.
Daha sonra muzeyin yubileyi münasibətilə əməkdaşlara Mədəniyyət Nazirliyinin fəxri diplomları təqdim olundu.
Qeyd edək ki, yeni tərtibatla hazırlanmış ekspozisiya sahəsində cari təmir və möhkəmləndirmə işləri aparılıb, müasir, interaktiv, rəqəmsallaşdırılmış bədii tərtibat işləri həyata keçirilib. Burada ədibə məxsus şəxsi əşyalar, onun həyat və yaradıcılığına aid eksponatlar, əsərlərinin səhnə təcəssümünü əks etdirən dekorasiya və geyim eskizləri, əlyazmalar, fotolar, tamaşalardan və filmlərdən fraqmentlər virtual olaraq sərgilənir.
Təqdim olunan materiallarda C.Cabbarlının Azərbaycan ədəbiyyatına, teatrına, kinosuna, musiqisinə verdiyi töhfələr, onun ictimai fəaliyyəti tam əhatə olunur.
Xatırladaq ki, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Hazırda muzeyin fondunda 137 mindən artıq eksponat qorunur. Bunların sırasında teatr korifeylərinin həyat və yaradıcılığını əks etdirən şəxsi əşyalar, əlyazmalar, tamaşalara çəkilmiş dekorasiya və geyim eskizləri, foto və neqativlər və s. var.
Azərbaycan mədəniyyətində və incəsənətində xüsusi xidmətləri olan bir çox görkəmli sənətkarların, o cümlədən Adil İsgəndərov, İsmayıl Hidayətzadə, Mehdi Məmmədov, Tofiq Kazımov, Sidqi Ruhullanın şəxsi arxivləri ilə birgə C.Cabbarlının şəxsi arxivinin böyük bir hissəsi məhz Teatr Muzeyində qorunur.
L.AZƏRİ