Azərbaycan Milli Xalça Muzeyində “Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti” üzrə ustad dərsləri keçirilib. Layihə ictimaiyyətin diqqətini həsirçilik sənətinə, dekorativ-tətbiqi sənət nümunəsi kimi əhəmiyyətinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinə yönəltmək məqsədilə həyata keçirilib.
Kiçik yaşlarından həsir toxuma sənəti ilə məşğul olan Masallı rayon sakini Fəridə Həşimova tərəfindən keçilən dərslərə iştirakçılar böyük maraq göstərib.
Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva həsirçiliyin Azərbaycanda qədim tarixə malik xalq sənəti növlərindən olduğunu deyib: “Həsir əsasən ölkəmizin cənub bölgəsində minilliklərdir əvəzsiz məişət əşyası kimi işlədilib.
Bu isə həmin zonanın subtropik iqlimi ilə əlaqədardır. Həsir rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biridir”.
Təbii xammaldan toxunan həsir məişət əşyası kimi istifadə olunmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət daşıyıb. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Ətraf mühitin plastik tullantılarla çirklənməsinin ciddi problemlərdən biri kimi müzakirə olunduğu bir zamanda həsirçiliyin sənət növü olaraq yaşadılması xüsusi önəm kəsb edir. Həsirdən hazırlanan əşyaları müasir dəbə uyğunlaşdırmaq, forma və dizayn baxımından dekorativ və cəlbedici etməklə geniş şəkildə yaymaq lazımdır. Milli Xalça Muzeyində təşkil olunan ustad dərsləri də bu istiqamətdə atılmış addımdır.