yaxud film kimi tamaşa təəssüratı
“Qonşuda bişər, bizə də düşər” məsəli olmasın, amma bu dekabrda Azərbaycan operasevərləri Rusiyada başa çatmaqda olan “Teatr ili” və 100 yaşı hələ gələn mövsüm tamam olacaq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yubileyi münasibətilə üç axşam əsl sənət zövqü yaşadı.
Dekabrın 17-dən 19-dək “Sankt-Peterburq Opera” Rusiya Dövlət Kamera Musiqili Teatrı Bakıda qastrol səfərində idi. Qastrol proqramından söz açmazdan öncə Rusiya opera teatrları arasında ən cavan kollektivlərdən sayılan qonağımız barədə qısa məlumat verək.
“Sankt-Peterburq Opera” 1987-ci ildə yaranıb. Tanınmış rejissor Yuri Aleksandrov müsahibələrində bu teatrı cəmiyyətin yeni yaradıcı ideyalara tələbatını ödəmək məqsədilə qurduğunu deyir. Həqiqətən də, o dövrün iqtisadi böhran illərindəki çətinliklərə baxmayaraq, yaradıcı laboratoriya kimi nəzərdə tutulmuş teatr əvvəlcə şəhərdə, sonra ölkədə və daha sonra xaricdə “canlı opera teatrı”, “axtarış teatrı” olaraq tanındı, sevildi və peşəkar dövlət teatrına çevrildi.
Təxminən on bir il icarə səhnələrdə çıxış etmiş “Sankt-Peterburq Opera” 1998-ci ildən Rusiyanın şimal paytaxtının musiqili teatr tarixi ilə sıx bağlı olan binada – baron fon Dervizin imarətində yerləşir. Teatr otuz ildən artıqdır ki, unikal repertuar proqramı ilə çalışır. Repertuarda “Roben və Marion haqqında oyun” kimi Orta əsr pastoralından çağdaş moskvalı bəstəkar Yuri Butskonun “Fyodor Dostoyevskinin bəyaz gecələri”nədək ən müxtəlif janrlara aid opera tamaşaları və musiqi əsərləri yer alıb.
Teatr Bakıda iki tamaşa – J.Bizenin “İnci axtaranlar” və Ş.Qunonun “Faust” operalarını oynadı, bir qala-konsert verdi. İlk baxışdan elə görünə bilər ki, peterburqlular Bakıya tam klassik operaları gətirmişdilər...
“İnci axtaranlar”la ilk görüş
Bəlkə də nə vaxtsa bizim Akademik Opera və Balet Teatrında bu tamaşa oynanılıb. Oynanılmayıbsa, onda çox gözəl musiqisi və Avropa operası üçün qeyri-adi süjetə malik bu əsəri tamaşaya qoymağa dəyər. Üstəlik, ilk peşəkar vokalçımız Bülbüldən bəri “İnci axtaranlar”dan Nadirin ariyası zaman-zaman bizim tenorların konsert repertuarında olub.
İki igid dost – Nadir və Zurqanın Leyla adlı gözəl qıza bəslədiyi məhəbbət üzündən yaranmış sevgi üçbucağında baş verənlər “İnci axtaranlar”ın ana xəttidir. Naməlum gözələ bəslədikləri məhəbbət dostları düşmənə çevirməsin deyə, onlar ayrılır, doğma yerləri tərk edirlər. Ejön Kormon və Mişel Karrenin librettosu əsasında bəstələnmiş operada əhvalatlar Seylon adasında okean sahilində ucalan Kandi məbədinin ətrafında cərəyan edir. Sevdiyi Leylaya qarşı hisslərinin soyuduğuna əmin olan Nadir Zurqanın yeni tayfa başçısı seçildiyi gün doğma yerlərə qayıdır. Leyla isə inci axtaranlara hamilik edən, məhəbbətdən, nikahlanmaqdan imtina etmiş məbəd kahini taleyi yaşamağı qəbul edib.
Səhnə əsərinin məzmununu danışmaq fikrimiz yoxdur. Sadəcə, tamaşanın çox zəngin dekorasiyasını, iştirakçıların geyiminin və qriminin mükəmməlliyini qeyd etməyə bilmərik. Bizim teatrlarımızda da son zamanlar davamlı rast gəldiyimiz video-instalyasiya “İnci axtaranlar”da da var idi. Sadəcə, əhvalatın okean sahilində baş verdiyini anladan, gözəl Leylanın məbəd kahini kimi inci axtaranları necə uğurlayacağını göstərmək üçün istifadə edilən video-instalyasiya səhnənin ən arxa divarında, ağac və okean sahilinə xas mağara girişlərinin lap arxasında dekorasiyanı tamamlayırdı deyə, tamaşaya yamaq kimi görünmürdü. Teatrın qastrol zamanı da tamaşanı öz orkestrinin müşayiəti ilə, həm də stasionar səhnədəki eyni formatda və eyni dekorasiyada oynaması – “qastrolda qənaət” prinsipinə uyğunlaşmaması, bir tərəfdən, yerli seyrçiyə ehtiramdırsa, digər tərəfdən, öz əməyinin nəticəsinə hörmətin təzahürüdür.
Bu yerdə Rusiya mətbuatında “Sankt-Peterburq Opera”nın yaradıcısı və əvəzolunmaz bədii rəhbəri, indiyədək öz ölkəsində və xaricdə 250-dən çox tamaşaya quruluş vermiş Yuri Aleksandrovun fenomenal şəxsiyyət və sənətkar kimi təqdim edilməsinə haqq qazandırırsan. Onun quruluş verdiyi “İnci axtaranlar”da əsas partiyaları beynəlxalq müsabiqə laureatları Vladislav Mazankin (Nadir), Yevgeniya Kravçenko (Leyla), Aleksey Paşiyev (Zurqa) və Anton Morozov (Nurabad) ifa edirdilər.
Bu gün Mefistofel harada işləyir?
Hötenin “Faust” fəlsəfi dramına bir neçə bəstəkar irihəcmli musiqi əsəri bəstələyib ki, onlardan ən möhtəşəmi Şarl Qunonun eyniadlı operasıdır. “Sankt-Peterburq Opera”da bu əsərə quruluş verən Yuri Aleksandrov tamaşadakı hadisələri bu günümüzə gətirib. Tamaşanın annotasiyasında quruluşçu rejissor bunu belə izah edir: “Dünyanın əksər rejimləri insan ağlını və qəlbini özünə tabe etməyə cəhd göstərir. Kommunist rejimində də belə olub, müəyyən dərəcədə indi də belədir. Müasir informasiya müharibələrinin gedişini izləmək kifayətdir. Bütün dünyada müxtəlif informasiyanı insanların şüuruna yeridirlər. Faustun əhvalatında mən insan şüurunun işğalını, yeni Frankenşteyn yaratmaq cəhdini görürəm”.
Tamaşada hadisələr bizim günlərə daşınıb. Əsərin əsas qəhrəmanları kiçik psixiatriya klinikasının xəstələri, Mefistofel də insan düşüncəsi üzərində eksperimentlər aparan baş həkimdir. Buna görə də Mefistofel (Avropa mifologiyasında bəd ruhun ümumiləşmiş obrazı) sadəcə, buynuzlu iblis kimi karikatur obraz deyil, o, ətrafımızda dolaşan adi adamlardan biri olduğuna görə daha qorxuludur! Onun tamaşa zamanı söylədiyi “Adamlar dəmir üstündə həlak olurlar” ifadəsi, yaxud “İblis hər şeyə hakimdir” ariyası əsərin məğzini açan leytmotivə çevrilir. Hötenin ədəbiyyata gətirdiyi əbədi cavanlıq və məhəbbət, pul, şöhrət, həzz naminə qəlbini və vücudunu satmaq istəklərinə görə iblisə uymaq kimi mövzular hələ də aktuallığını itirmir.
“Sankt-Peterburq Opera”nın beynəlxalq müsabiqələrdə laureat adını qazanmış solistləri – Sergey Alyoşenko (Faust), Yuri Borşşev (Mefistofel), Valentina Fedenyova (Marqarita), Viktoriya Martemyanova (Zibel, Kleopatra), Yeqor Çubakov (Valentin), Natalya Vorobyova (Marta, Lais) və Anton Morozovun (Vaqner) ifası rejissor Yuri Aleksandrovun tamaşada qabartmaq istədiyi məqamları tam açır, obrazların dramaturji yükünü tamaşanın yozumunda olduğu kimi çatdırırdı.
***
“Sankt-Peterburq Opera”nın iki tamaşasında iki maraqlı yeniliklə rastlaşdıq. Onlardan biri – sırf texnoloji məqam idi: tamaşanın mətni – yəni bütün ariyalar, reçitativ və xorun ifası səhnənin hər iki tərəfində quraşdırılmış monitorda subtitrlərlə rus dilində əks olunurdu. Hərçənd tamaşanın proqramında seyr edəcəyimiz göstərinin geniş mətni yer almışdı. Fikrimizcə, dünya opera teatrlarında qəbul edilmiş qayda – operanın orijinalda oxunması tələbi bizdə də şəksiz yerinə yetirilirsə, o zaman təkcə dramatik teatrlarda oynanılan qastrol tamaşaları, yaxud beynəlxalq tamaşaçı kontingenti üçün verilən subtitr tərcüməsindən musiqili teatr nümayişlərində də istifadənin yeri var.
Digər bir məqam isə sırf yaradıcılıqla bağlıdır: qonaq teatrın yaradıcı heyətində balet truppası yoxdur. Əslində, daha çox kamera tamaşalarının oynanıldığı kiçik səhnədə balet truppasının qol-qanad açmasına yer də yoxdur. Amma tamaşalarda – istər teatrın rəsmi elektron portalında fraqmentlərini izlədiyimiz tamaşalarda, istərsə də Bakıda oynanılan operaların kütləvi səhnələrində rəqs elementlərindən nəinki bol istifadə edilir, hətta ayrıca rəqs nömrəsi təsiri bağışlayan parçalar var. Bəli, həmin rəqsləri xor artistləri ifa edirdilər, özü də əsl vokalçı kimi canlı orkestrin müşayiəti ilə fonoqramsız, mikrofonsuz oxuyaraq. Bəs buna necə nail olunur? Təbii ki, rejissorun, tamaşanın plastik həllini verən baletmeysterin solistlər, xor artistləri ilə davamlı məşqləri, bir də vokalçıların səhnədə rəqs edərək oxuya bilmək üçün qüvvəsi çatacaq fiziki formada qalması sayəsində.
Gerçəkdən, bəzən tamaşada çıxış edən vokalçılar o qədər dramatik aktyor məharəti göstərir, mimika və jestlərdən elə bacarıqla istifadə edirdilər ki, bir anlıq çaşıb özünü film-opera seyrçisi kimi hiss edirdin.
Bu yerdə “Sankt-Peterburq Opera”nı Yuri Aleksandrovun “rejissor teatrı” adlandıran tənqidçilərə də, bu fikirlə razılaşmayan bədii rəhbərin “mənim teatrım aktyor teatrıdır” qənaətinə də haqq verirsən.
Son axşam... Yəqin ki, sonuncu olmayacaq
Nəhayət, dekabrın 19-da, qastrolun üçüncü günündə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı qonaqlarını öz binasında qarşıladı. Həmin axşam “Sankt-Peterburq Opera”nın orkestri və solistləri böyük konsert proqramı ilə çıxış etdilər.
Konsertdən öncə Bakı teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski səhnəyə çıxaraq Rusiyadan gələn kollektivə paytaxtımızın sakinlərinə və qonaqlarına opera zövqü yaşatdıqlarına görə minnətdarlıq edərək, bu səfərin ölkələrimiz arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə kimi dəyərləndirdi: “Dekabrın 20-də bizim teatrın 99 yaşı tamam olur. Deməli, biz yüz yaşımıza “Sankt-Peterburq Opera”nın qastrolu ilə qədəm qoyuruq. Kollektivimiz yubiley ilində xeyli maraqlı layihə ilə çıxış edəcək, premyeralar və maraqlı tamaşalar hazırlayacaq. Dostlarımıza bu qastrol üçün təşəkkür edir və onlarla gələcəkdə də məhsuldar əməkdaşlığa ümid edirik”.
“Sankt-Peterburq Opera”nın direktoru Yevgeni Malıgin qastrolun təşkilatçılarına – Rusiyanın ölkəmizdəki səfirliyinə və Azərbaycanın Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirərək, 110 nəfərlik heyətə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi: “Güman edirəm ki, biz Bakıya yenə də gələcəyik və Akademik Rus Dram Teatrının 100 illiyini birlikdə qeyd edəcəyik”.
Qala-konsertdə tamaşalarda gördüyümüz vokalçılarla yanaşı, beynəlxalq müsabiqə laureatları Olesya Qordeyeva, Andrey Zemskov, Sofya Nekrasova, Vsevolod Kalmıkov, Aleksandr Qoyxmanın dirijorluq etdiyi “Sankt-Peterburq Opera” orkestrinin müşayiəti ilə çıxış etdilər. Populyar rus və xarici ölkə bəstəkarlarının operalarından ariya və duetlərin bir-birini əvəzlədiyi konsert C.Verdinin “Traviata”sından ziyafət mahnısı ilə bitdi. Yəni bitdi deyəndə ki, tamaşaçıların aramsız alqışları və “bis” çağırışları solistləri bu mahnını təkrar oxumaq üçün səhnəyə qaytardı.
Gerçəkdən də, zəngin təəssürat yaradan qastrolun uğurlu sonluğuna yalnız ziyafət mahnısı yaraşardı. Salonun divarlarında əks olunan alqışlar isə bizim üç axşam ardıcıl olaraq qulaq və könül ziyafəti yaşamağımızın minnətdarlıq sədaları idi.
GÜLCAHAN