Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir-sərgi

Dekabrın 25-də Azərbaycan İstiqlal Muzeyində ictimai fikir tariximizdə dərin iz qoymuş böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbir-sərgi keçirildi. Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, tələbələr və hərbçilər iştirak edirdi.

Muzeyin direktoru vəzifəsini icra edən Sədi Mirseyibli qonaqları salamlayaraq tədbirin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq təşkil edildiyini bildirdi.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında görkəmli publisist, ictimai xadim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən söhbət açdı. Diqqətə çatdırdı ki, Azərbaycan Prezidentinin Əhməd bəy Ağaoğlunun yubileyi ilə bağlı imzaladığı sərəncam tarixi şəxsiyyətlərimizə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Qeyd olundu ki, Əhməd bəy ilk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyub. Parisdə hüquq məktəbini və Sorbonna Universitetini bitirib. O, Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənib, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini çap etdirib. Daha sonra onun müxtəlif məcmuələrdə müntəzəm yazıları dərc olunub. Ə.Ağaoğlu 1918-ci ildə xalqımızın bolşevik-daşnak dəstələrinə qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. Milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ə.Ağaoğlunun Azərbaycanın və bütövlükdə türk dünyasının ictimai-siyasi fikir tarixində yeri və rolundan danışdı. Bildirdi ki, Əhməd bəy Azərbaycan və Türkiyənin istiqlalı uğrunda mübarizə aparmış ziyalılardan biri olub. Fərəhləndirici haldır ki, görkəmli mütəfəkkir hər iki ölkənin parlamentinə deputat seçilib.

Xalq yazıçısı Elmira Axundova çıxışında Ə.Ağaoğlunun həm Türkiyədə, həm də Azərbaycanda Cümhuriyyət dövründəki fəaliyyətindən danışdı. Qeyd etdi ki, Əhməd bəyin yazdığı əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır. E.Axundova onu da diqqətə çatdırdı ki, 1905-ci ildə Qafqazda çar Rusiyası siyasətinin davamı olaraq baş verən erməni terrorizmi Ə.Ağaoğlunun fəaliyyət yönünü və istiqamətini dəyişir. Çünki hökumət Qafqazda erməni terroruna dəstək verib. “Difai” təşkilatının yaradılması da məhz xalqımızın milli müqavimətini təşkil etməkdən irəli gəlirdi. Bu təşkilatın hərəkətverici qüvvələrindən biri olan Əhməd bəy milli mücadilə yolunda yeni bir mərhələnin başlanğıcını qoyub.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış İstiqlal Muzeyinin (dekabr 1919) 100-cü ildönümü münasibətilə “Azərmarka” MMC tərəfindən hazırlanan poçt markasının təqdimatı oldu. Markanın vurulduğu ilk zərfi Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral imzaladılar.

Sonra tədbir iştirakçıları Cümhuriyyət dövrünün tədqiqatçısı Dilqəm Əhmədin şəxsi kolleksiyası və muzeyin fondlarında qorunan 50-yə qədər eksponatın yer aldığı sərgi ilə tanış oldular.

S.FƏRƏCOV