Sirli və sehrli bayram sayılan, demək olar ki, kiçikdən-böyüyə hamının sevinclə qarşıladığı Yeni il gəlir. Ötən ilin çətinliklərinə baxmayaraq, hər dəfə il təhvil olunanda yenə də həvəslənir və gələcəyə doğru ümidlə baxırıq. Siçan ili deyə təqdim olunan 2020-ci ilə də beləcə ümidliyik…

XIX əsrin son ilindən – 1900-cü ildən bu yana saymağa başlasaq (1912, 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020) artıq 11-ci dəfədir ki, siçan il üzərində hakimiyyəti ələ alır. Bu heyvan hazırcavablıq, əzmkarlıq, fəallıq və məqsədyönlülük  simvolu hesab olunur. Odur ki, 2020-nin xüsusilə yaradıcı insanlar üçün uğurlu olacağı vəd edilir.

Siçan ilində dünyaya gələnlər Jan Reno, Jerar Depardye, Jan Kloud van Dam, Culianna Mur, Vanessa Paradi, Kameron Dias, Cud Loun kimi dünya məşhurlarını,  həmçinin ölkəmizin görkəmli ədəbiyyat, incəsənət xadimlərindən Süleyman Rəhimov, Möhsün Sənani, Niyazi, Əhsən Dadaşov, Ələkbər Tağıyev, Süleyman Ələsgərov və b. adlarını çəkmək olar. Yeri gəlmişkən, bundan əvvəlki Siçan ilində Azərbaycan ilk dəfə  “Eurovision 2008” beynəlxalq mahnı müsabiqəsində iştirak edərək 8-ci yeri tutmuşdu.

Yola saldığımız Donuz ilində bütün sıxıntıları, problemləri geridə qoyaraq, Yeni ildə hamıya xoş günlər, bol şans və yeni uğurlar arzulayırıq!

SƏBİNƏ