Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil Azərbaycanın təməlini qoya bilib.
Bu fikir yanvarın 14-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransında vurğulanıb.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, dosent Firdovsiyyə Əhmədova və başqa çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Cümhuriyyətin 1920-ci ilin yanvarında beynəlxalq müstəvidə tanınmasından bəhs ediblər.
Qeyd edək ki, 1920-ci il yanvarın 11-də I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu. Paris sülh konfransının rəsmi qərarı yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə təqdim olundu.