Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə qeyd olunan “Nəsimi ili” ölkəmizdə və onun hüdudlarından kənarda, o cümlədən UNESCO-da  silsilə tədbirlərlə müşayiət edilərək eyni zamanda mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı. Dahi söz ustadının anadan olmasının 650-ci ildönümündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı şairin zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynadı.

Mədəniyyət Nazirliyi, nazirliyin idarə və təşkilatları ilə yanaşı, digər aidiyyəti qurumlar da “Nəsimi ili”nə böyük töhfə verdilər, il ərzində çoxsaylı layihələr reallaşdı.

Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb, yubileylə bağlı tədbirlər planına əsasən görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2019-cu il ərzində ali təhsil müəssisələrində elmi konfrans, simpozium və seminarlar keçirilib. Həmçinin təhsil müəssisələrində şairin yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunub.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə Əməkdar artist Bəhruz Vaqifoğlunun rəhbərlik etdiyi dram dərnəyi tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış “Mənəm” tamaşası nümayiş olunub.

***

“Nəsimi ili”nin yekunları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkil etdiyi tədbirin iştirakçıları Nəsimiyə həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

Elmi sessiyada AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi töhfələri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” haqqında sərəncamlarına əsasən, ölkəmizdə, onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilib. Bu sərəncamlar Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, böyük sənətkarın dünyaya tanıdılması baxımından məxsusi əhəmiyyət kəsb edir. Akademik ötən il Heydər Əliyev Fondunun layihəsi üzrə ikinci dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının da önəmini qeyd edib.

Diqqətə çatdırılıb ki, “Nəsimi ili” çərçivəsində AMEA-da konfrans, simpozium və digər tədbirlər keçirilib, mütəfəkkir şairə həsr olunan 36 kitab nəşr edilib. Nəsimi haqqında əsərlərin yazılması, fundamental tədqiqatların aparılması dövlətimiz və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına, xatirəsinə verilən böyük qiymətin təzahürüdür. Akademik İsa Həbibbəyli “Nəsimi ili” çərçivəsində Ədəbiyyat İnstitutunda da keçirilən tədbirlər, hazırlanan nəşrlər barədə məlumat verib.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin zəngin ədəbi irsindən danışıb. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmış söz ustadıdır. Bu mənada dahi şairin zəngin irsi hər zaman aktual olaraq qalacaq, yaradıcılığı araşdırılacaq.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illiyi ərəfəsində görülən işlərdən danışıb, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu yubileyin keçmiş ittifaq və UNESCO miqyasında qeyd olunmasından söz açıb. Akademik 2017-ci ilin may ayında Parisdə - UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsini də ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi kimi dəyərləndirib. “Nəsiminin dünyası bu gün bütün Yer kürəsini əhatə edir”, – deyən alim bildirib ki, “Nəsimi ili” dahi şairin və digər klassiklərimizin irsinin daha dərindən öyrənilməsinə və araşdırılmasına təkan verdi. Bu ilin nəticələri göstərdi ki, klassiklərimizə daha da yaxınlaşmalı, onları miqyaslı şəkildə bütün yönləri ilə öyrənməliyik. Rafael Hüseynov qarşıdakı illərdə Nəsiminin anadilli “Divan”ını nəşr və təhlil etməyin zəruriliyini bildirib.

Akademik Möhsün Nağısoylu, professor Qəzənfər Paşayev, filologiya üzrə elmlər doktorları Fəridə Əzizova, Mahirə Quliyeva və digər çıxış edənlər “Nəsimi ili” çərçivəsində AMEA-da görülən işləri yüksək dəyərləndiriblər.

Sonda Nəsimiyə həsr olunan kitabların müəlliflərinə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.